Manşet
Dünyanın ən böyük sosial şəbəkəsi olan
"facebook"da yaranan problemlər
milyonlarla istifadəçisinin narazılığına səbəb
olub.
Belə ki, dünən axşam saatlarından etibarən
bu sosial şəbəkədə istifadəçilər üçün
təhlükəli virus yayılıb.
Viruslar özünü əsasən pornoqrafik
materialların yayılmasında, istifadəçilərə
xüsusi mesajların göndərilməsində, onların
qrup çatlarına salınmasında özünü göstərib.
Sosial şəbəkə istifadəçiləri yaranmış
problemlə bağlı şəxsi səhifələrində status
yazaraq etirazlarını bildiriblər.
Bu, həm də sosial şəbəkələrdə informasiya
təhlükəsizliyi məsələsini gündəmə gətirib. Bu
kimi hallarda bəzi istifadəçilər şəbəkədə
virus yayılarkən necə addım atacaqlarını
bilmir və kompüterlərinə də virus salırlar. O
viruslar bəzən şəxsi informasiyaların
oğurlanmasında belə, istifadə oluna və ya
kompüterdəki faylları məhv edə bilər.
Bu məsələ ilə bağlı musavat.com-a danışan
ekspert, Azərbaycan İnternet Forumunun
prezidenti Osman Gündüz bildirdi ki, əsas
problem kompüterdə virusun yayılması yox,
müvafiq dövlət qurumunun buna laqeyd
yanaşmasıdır:"Azərbaycanda internet
təhlükəsizliyi ilə bağlı iki istiqamət var: Dövlət
və qeyri-dövlət sektoru... Bu dediyiniz məsələ
qeyri-dövlət sektoru ilə bağlıdır. Qeyri-dövlət
sektorunda baş verən problemlərə Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi nəzdində
Elektron Təhlükəsizlik Mərkəzi cavabdehdir.
Ancaq hazırda bu qurumun saytına
baxsanız, orada heç bir informasiya yoxdur.
Halbuki, bu qurumun əsasnaməsində yazılıb
ki, yayıla biləcək virusların profilaktikası ilə
məşğul olmalı, xəbərdarlıq etməli, bu, artıq
baş veribsə, onun çarəsini tapıb,
vətəndaşlara məlumat verməlidir. İnternetdə
virusun olması qaçılmaz bir haldır. Lakin
bunun qarşısını alan, bu haqda istifadəçiləri
məlumatlandıran, maarifləndirən bir qurum
var və onlardan heç bir səs çıxmır, əsas
problem budur".
İstifadəçilərin bu viruslardan qorunması ilə
bağlı tövsiyyələrə gəlincə, ekspert bildirdi ki,
ilk növbədə həmin viruslu videoları, mesajları
açmaqdan imtina edilməlidir:"Mesajları
açmaq, onun içindəki faylları aktivləşdirmək
olmaz. Həmin qruplardan çıxmaq lazımdır.
Facebook hesabının şifrəsini dəyişdirmək
lazımdır. Bunlar elementar təhlükəsizlik
qaydalarıdır. Bu viruslar müxtəlif mahiyyətli
ola bilər. Əgər virusun daşıyıcısı olan fayl
kompüterə yüklənibsə, bunun üçün
kompüterin antivirus proqramını
aktivkləşdirmək lazımdır"