Manşet
Buyurun bu da Mirzə Cəlillə Sabirin tanışlığı. Mirzə Cəlilin öz dilindən:
C. Məmmədquluzadə yazır ki, “Molla Nəsrəddin” jrunalının 8-ci sayına qədər biz Sabiri tanımırdıq. Jurnalın 8-ci sayını çapa hazırlayan vaxt idarəyə bir cavan oğlan gəlib əlindəki məktubu tələm-tələsik Ömər Faiq Nemanzadəyə (jurnalın redaktor müavini) verib qaçıb gedir. Ömər Faiq əvvəl elə bilir ki, məktubdakı jurnala ünvanlanmış söyüş-qarğışdır, amma onu açıb oxuyanda görür ki, bu şerdir. “Ol gün ki, sənə xaliq edər lütf bir övlad, Olsun ürəyin şad! Təyin elə cindarı ki, etsin ona imdad, Ta dəyməyə həmzad!” adlı bir şer və məktubda qeyd edilir ki, mən bu şeri sizin jurnalın 7-ci sayında getmiş “Niyə mən dərsdən qaçdım” felyetonunu oxuduqdan sonra yazmaq qərarına gəldim. Bəli, şeir redaksiya heyətinin çox xoşuna gəlir və onu elə 8-ci nömrədəcə çap edirlər. Şerin kim tərəfindən yazıldığını bilmədiklərinə görə onu “Hop-hop” imzası ilə çap edirlər.
Bir-iki həftə keçməmiş həmin cavan oğlan yenə də redaksiyaya gəlib Ömər Faiq Nemanzadəyə bir məktub uzadır və tez qaçıb gedir. Faiq əfəndi bu dəfə də məktubu açıb oxuyur və görür ki, qəşəng bir şerdir. “Bilməm nə görübdür bizim oğlan oxumaqdan? Dəng oldu qulağım. Jurnal, qəzetə hərzəvü hədyan oxumaqdan incəldi uşağım” adlı bu şeri də jurnalın 11-ci sayında çap edirlər və C. Məmmədquluzadə Ömər Faiqə Nemanzadəyə bərk-bərk tapşırır ki, gələn dəfə əgər bir də o cavan oğlan idarəyə gəlsə, onu tutub saxlasın və şerin müəllifi haqda bilgi öyrənsin.
Bir həftədən sonra həmin cavan oğlan yenə də idarəyə gəlib Ömər Faiqə məktub verib qaçır. Bu dəfə Faiq əfəndi onun dalınca düşür ki görsün o hara gedir. Baxıb görür ki, bu oğlan Tiflisdəki erməni bazarında yerləşən şamaxılı xalça alverçisi Şeyxovun dükanına girdi. Ömər Faiq Nemanzadə dükana girib məsələni aydınlaşdırmağa çalışır. Şeyxovlar əvvəl Sabirin kim olduğu haqda heç nə demirlər, amma Faiq əfəndinin təkidindən sonra onlar bu sirri açırlar və xahiş edirlər ki, bunu heç kəs bilməsin, çünki Şamaxıda yaşayan şair Sabir yazdığı şerlərinə görə həyatına sui-qəsd edilməsindən qorxur.
Bax beləcə, həmin vaxtdan etibarən Sabirlə Molla Nəsrəddinin sıx əməkdaşlığı başlayır.

Hiç yorum yok: