Manşet
Yenidənqurma (hekayə)
Atası ağır-ağır divandan durmağa hazırlaşdı, Arzu sildiyi ayaqqabıların arasından özününküləri götürüb geyindi. Arzugil evləri yığışdıranda ayaqqabıları da silirdilər. Evlərinə gələn qonaqlar gedəndə toz-palçıqlı ayaqqabılarını təmizlənmiş görürdülər. Arzu evlərinə gələn qonaqların varlı, kasıb, pinti, səliqəli olduqlarını ayaqqabılarından bilirdi.
Atası belini əyə-əyə mətbəxə keçdi, kompot içdi, suxarılar quruyan tavanın altını söndürdü, yataq otağının pərdələrini araladı. Günəşsiz boz gün yaşandığından otağın rəngi-ruhu dəyişmədi.
“Hərdən olur ki, nəsə olur, hardansa keçirəm, nə bilim nəsə hiss eləyirəm, mənə elə gəlir olanlar nə vaxtsa eynən olub. Yəni bilirsən necə, bir də görürsən harasa getmişəm, çörək növbəsində durmuşam məsələn, çörək gəlir hamı qabağa qaçmaq istəyir, itələşirik…yəni neçə izah eləyim e…”Usta hıqqına-hıqqına dedi.
“Dejavü. Buna dejavü deyirlər. Bir də deyirlər ki, öncəki həyatında nəyə çox baxmısansa təzədən doğulanda onu ötəri xatırlayırsan. Ya da hansısa hadisə səni bərk həyəcanlandırıbsa, hansı yerdə güclü hiss yaşamısansa, ya da bir şeyin üstündə çox əziyyət çəkmisənsə…” – Anası yan otaqdan səsləndi.
Arzu əllərini yuya-yuya keçirdiyi hissləri sözlə çatdırmağa çalışan ustaya dəsmal uzatdı. Paltarları kif iyi verən usta fikirli-fikirli dəsmalı aldı.
“Evi silmisən, indi də təmiz döşəmədə ayaqqabılı gəzirsən?”- anası tikiş maşınını işə salmazdan qabaq gileyləndi. “Ayaqqabıların altını da silmişəm”, – Arzu mızıldandı. Atası həvəssiz-həvəssiz ustanın sınmış pəncərəyə mismarladığı polietilen torbanın hava keçirib-keçirmədiyini yoxladı, işdən razı qaldı.
“Mirzə qardaş, otur, əriştə bişirmişəm, bir boşqab ye. Gərək sənə yaxşı qulluq eləyək ki, yenə gələsən. Bu yaxında yenə çağıracayıq. Klubun bir tərəfin söküb qaçqın məktəbi düzəldirlər. Pəncərə şüşələrindən gətirəcəm vurarıq “kulyonka”nın yerinə. Müdirlə danışmışam” – Yenə anasının səsi gəldi.
Usta təftiş edirmiş kimi ayaqqabılarını əlinə götürüb baxdı, cütləyib yerə qoydu, corabının cırıq yerini büküb barmaqlarının arasına dürtdü, getdi. Getməzdən qabaq yenə gələcəyinə söz verdi, amma əriştə yemədi. Qapı çırpıldı. Ətrafda hər şey Arzunu məyus eləmək üçün sıraya düzüldü, cansıxıcı, boz və nimdaş idi – atasının çat-çat “dermantin” kəməri, küləyin çırpıldığı pəncərə “kulyonka”sı, “Teksun” qutusunda bitmiş ətirşah, qonaq otağının sağ divarına vurulmuş fotolu divar kağızında görünən dağlar, çəmənlik, kəpənək… Qızın gözləri işıqlı nəsə tapmaq üçün xeyli gəzindi.
“Getmirik?” – nəhayət, cəsarətlənib soruşdu. Bu dəfə atası hirslənmədi, sakitcə qızına baxdı, paltosunu götürüb təmizlənmiş ayaqqabılarını geyindi. Anası ütülü cib dəsmalları gətirdi. Arzu yalnız onda həyəcanlandığının fərqinə vardı. O da diş çəkdirməkdən qorxurdu. Sadəcə bu dəfə onun təsəllisi var idi – dişini çəkdirəndən sonra klinikaya yaxın yerdə işləyən televizor ustasını götürüb özləri ilə evlərinə gətirəcək, axşam hər şeyi unudub “Vəhşi qızılgül”ün davamını görəcəkdi.
Ayaqqabıları qana dəyməsin deyə pillələri ehtiyatla düşdülər. Kimsə həyətdə toyuq kəsdirib yuxarı aparmışdı – hər pillədə bir damcı qan qızarırdı. Qızın həyəcanı artdı. Bir azdan onun dişindən tələsə-tələsə qan axacaqdı. “Klinikanın yanında işləyən usta gəlib televizorumuzu düzəldəcək, axşam kinoya baxacayıq”, qız tələsik düşündü, sakitləşdi.
Küçədə tək-tük adam gözə dəydi. Adamların çoxu qara üst geyimi geyinmişdilər. Arzu ilə atası yağış gölməçələrinin qırağı ilə gedir, addımları asfaltı dimdikləyən sərçələri hürküdür, sarı-qızılı, nəmli yarpaqlar qorxa-qorxa əsən küləyin diktəsi ilə ayaqlarına dəyib yerə düşürdü.
xxx
Anası Arzunun solğun üzünü çərçivələmiş qıvrım saçlarını barmaqları ilə arxaya daradı, toplayıb yığdı. Dişinə qoyulmuş iri pambıq tamponu sağ yanağını şişirdiyindən Arzunun üzü əslində olduğundan daha yumru görünürdü. “Tez-tez tüpürmə. Başını çox əymə. Corablarını çıxart, naziyini gey, bədənin çox qızmasın.” Anası tapşırıqlarını verib, televizor ustasına çay vermək üçün mətbəxə getdi. Arzu qonaq otağına yol aldı.
“91-də Əskəranın bir tərəfin Xocalı elədilər axı. İnan, yığışdıq gedək. Dedim gedərəm, təzə şəhər, təzə imkanlar…ayrı adam olacaqdım. Heç dəqiq bilmirdim nəyin qulpundan yapışacam, elə ürəyimə gəlirdi ki, gedən kimi həmişə arzuladığım iş çıxacaq qabağıma. Girişəcəm işə, canımı qoyacam. Vallah. Uşaqların anası, siz də məni bağışlayın, ikincini gözləyirdi. Sağ ol, Allah bütün balaları saxlasın. Burdakı ev-eşiyi satdıq, elə gethagetdə idik ki, Xankəndini aldılar. Day hara gedək? Dedik bir az gözləyək görək nə olur. Heç üstündən iki ay keçmədi Xocalıda daş üstündə daş qalmadı. Yaxşı ki ləngimişik…”
Usta televizorun iri lampalarından birini qaynaq eləyə-eləyə danışırdı. Arada Arzunun balaca bacısının yanağını çimdiklədi, sonra davam elədi:
“Vallah mən yenidən qurulan saat kimiyəm. Qorbaçovun dövründə – yenidənqurmada canıma təzə can gəldi, Sumqayıt hadisələrində bir balaca ruhdan düşdüm, Xocalı kimi üç-dörd başqa rayon alınandan sonra keçid dövrü başladı, adamlar bir boşqab yeməkdən ötrü dağa-daşa dırmandı. İndi çoxu yarıac, yarıtox güclə başını girləyir. Allaha şükür, mənim korluğum yoxdu. Adamlar uzun müddət televizorsuz qalmır. Təzəsini almağa pulları olmasa da, ac yatıb, susuz durmağa razı olarlar, amma uzun müddət televizorsuz qoymazlar özlərini. Boğazlarından kəsib televizorlarını düzəltdirirlər. Adamların ümidi var. Hamı xəbər gözləyir. Hər şeyin yaxşı olduğunu, olacağını hardan öyrənmək olar? Televizordan. Ümid öldü, qurtardı.Mən ümid qutusu düzəldirəm. Mən savadsız, ağılsız adam deyiləm. Mühəndislik oxumuşam. Başım həmişə işləyir. Ac qalmamaq və fayda vermək üçün həəəmişə başım işləyir. O dəqiqə anladım ki, nə olur olsun adamlar televizordan imtina edən deyillər. Hələlik bu işlə məşqul olacam. Sonra görək başımıza nə gəlir. Deyir xarici şirkətlər gələcək, neft müqaviləsi imzalayacayıq, yaxşı olacaq. Görək…”
Arzunun atası iştahla danışan ustanın uzun monoloqunu yarıda kəsib nəsə demək ehtiyacı duydu. O, bunu ustanı tək buraxmamaq üçün, sadəcə nəzakət xatirinə, borc qaytarırmış kimi elədi. Bir-iki əlaqəsiz cümlə dedi. Anası çayları gətirdi, süfrəyə konfet qoya bilmədiyi üçün üzrxahlıq elədi, lap elə bu yaxınlarda qəndin ümidinə qaldıqlarını bildirdi. Atası başı ilə arvadının sözlərini təsdiqlədi. Arzu ata-anasının yalanını yarıbarışqan baxışlarla dinlədi.
“Olmaz, olmaz”- usta əmin səslə davam elədi. “Divana sərilib “dumka”ya getmək olmaz.Eləsi var bütün günü dua eləyir. Sən Allah,avamlığa bax. Hə,hərdən olur. Bir də görürsən Allah adamı elə çıxılmazdan çıxardır, məəttəl qalırsan. Vallah. Adamın üstündə Allah var. Bir də görürsən, o bunu eləyir. Amma əzizim, bir də görürsən eləmir. Batdıqca batmağını, uçurumdan yıxılmağını izləyir, deyirsən ay Allah, sən Allah bəsdi dərd dalınca dərd verdin. Görürsən biri pislik dalınca pislik eləyir, gül kimi günü-güzəranı var. Bir müddət sonra elə böyük dərdin altında qalır, qımıldana da bilmir. Elə yerdə nənəm deyərdi Allahın barmağı yoxdu ki, deşib gözünü çıxartsın, belə hesablaşır da. Amma Allah haqqı, bir də görürsən biri bir pisliyi eləyib qurtarmamış o birinə başlayır, ömrünün axırına qədər şad-xürrəm yaşayır, ardınca da xoşbəxtlər sırasına oğul-uşağı düzülür. Qalırsan belə. Deməyim odu Allahı anlamaq olmur. Oturub onu gözləmək olmaz. Boyunu uzadıb deyə həmişə qamətini də şax tutmağa kömək eləyəcəyinə ümid olmaq olma. Onu anlamaq olmur. Buna çalışmaq lazım da deyil. Mən çalışmıram. Xətrini əziz tuturam, amma ta onu deyib oturum, onu deyib durum, yox, yalançı olaram. Təzədən, təzədən doğulmalısan. Çətinlikdən, uğursuzluqdan sonra bir də doğmalısan özünü. Deyir, Allah bizi özü kimi yaradıb. Vallah, elə baxmayın, elə deyirlər. Allah adam yaradırsa, deməli biz də yarada bilərik. O bizi yaradıb, amma imkan verib ki, bəyənməsək özümüzü təzədən doğaq."
Usta ağırçəkili bədəni ilə oturub-durur, televizorun lampalarını taxıb-çıxardır, çay qurtumlayır, alnının tərini silir, Arzunun kiçik bacısına gülümsəyir, danışırdı… Arzu onu həvəslə, maraq və sevgi ilə izləyirdi. Dişi ağrımırdı, yaradan qan gəlib-gəlmədiyini yoxlamırdı.
Bir az xışıldayandan sonra televizorun mavi ekranı aydınlandı. Aktyorun səsi gəldi:
“Təsəvvür eləyirsiz, bütün şəhər-kənd, dövlətli-kasıb hamısı əncir yarpağında. Biri nəzakətlə deyir, bəy, müəllim, sizin əncir yarpağınız düşüb, o biri də adam kimi qayıdıb deyir, nolub, ala, düşüb, düşüb də, götürüb qoyacıq yerinə…”
Arzu çətinliklə gülümsədi, sonra dodaqları ehmalca aralandı, ardınca ağzına dolmuş qanın yaxasına damcılamağına məhəl qoymadan bədəndolu xoşbəxtliklə güldü. Gülüşü otaqdakı qəhqəhələrə qarışdı.Usta həvəslə düzəltdiyi qutuya baxdı. Gözləri parıldadı, üzündə rahatlıq və məmnunluq qabardı, baxışları ilə – bu evə gülüşü mən gətirdim dedi.
Sahilə İbrahimova
Hiç yorum yok: