reklam

Manşet

Gültəkin Hacıbəyli:"Azərbaycan hakimiyyəti son dövrlər müharibədə ciddi uğurlar əldə edib"

Yazar Unknown 22 Ekim 2015 Perşembe 0 yorum
Gültəkin HacıbəyliAzərbaycan hakimiyyəti son dövrlər müharibədə ciddi uğurlar əldə edib. Ağlınıza Qarabağ müharibəsi gəlməsin. Müdafiə nazirimiz böyük uğurlardan, ermənilərin ciddi itkilərindən danışsa da o sahədə vəziyyət dəyişməyib- regionun lider dövlətinin torpaqlarının 20 faizi hələ də bölgənin autsayderi, acından olan, əhalisi kütləvi şəkildə ölkəni tərk edən Ermənistanın işğalı altındadır. Elə görünür bu uğursuzluğun kompleksini yaşadığındandır ki, hakimiyyət mütləq hansısa bir sahədə uğur qazanıb Qarabağ itkisinin acısını unutmaq istəyir. Bunun üçün inamlı qələbə lazımdır və bu qələbəni qeyd-şərtsiz təmin etmək üçün düşüncələrinə görə ən zəif obyekt seçiblər. Və bu obyekt Azərbaycan qadınıdır. Şuşanı ala bilməyənlər sərəncamlarında olan bütün vasitələrdən- MTN, DİN, Baş prokurorluq, ştatlı üzəduranlar, işverənlər, çörəyi və poqonu yataq otağı güdməkdən çıxanlardan ibarət bir ordu ilə Leyla, Xədicə yüksəkliklərinə hücuma keçdilər. Xədicə nəfəsini belə hiss etdiyi ölümün bir adddımlığından geri döndü, Leyla xanım qaraciyər serrozunun və şəkər xəstəliyinin iztirabları içində o nəfəsi hər gün, hər an duyur, ancaq şanlı hökumətimiz nə illah etdisə də, “düşməni” susdura bilmədi. Xədicə də, Leyla xanım da dəmir barmaqlıqlar arasından bir rejimə meydan oxuyacaq qədər möhkəm çıxdılar. Zəif deyib üzərinə gələnləri acınacaqlı durumda buraxacaq, bütün dünyanı üstlərinə qaldıracaq qədər güclü çıxdılar. Lakin “Azərbaycan hakimiyyəti Azərbaycan qadınına qarşı” savaşı bununla bitmədi. Son günlər hakimyyət daha bir rüsvayçılığa imza atdı. “Meydan TV” ilə əməkdaşlıq etdiyinə görə gənc və istedadlı yazar Günel Mövludun iki qardaşı nümayişkarcasına açıq bir şəkildə, eyni gündə, biri Biləsuvarda, digəri isə Sumqayıtda saxta narkotik itihamı ilə şərlənərək həbs edildi. Ağır maddi məhrumiyyətlər içində yaşayan qaçqın ailəsi iki oğlunu xilas etmək üçün hakimiyyətin tələbi qarşısında geri çəkilməyə məcbur oldu: anası və atası “Meydan TV” ilə əməkdaşlıqdan imtina etməməklə qardaşlarının həbsinə səbəb olan Günel Mövluddan imtina etdi. Elə beləcə də dedilər: “Günel “Meydan TV”-dən imtina etmirsə, biz ondan imtina edirik. Oğullarımız ona görə tutulub”. Valideynlər onlara olan təzyiqlərin, oğullarının həbsinin səbəbini, doğma qızlarından imtinanın motivini, açıq bir şəkildə etiraf edir, hakimiyyət KİV-ləri də bunu adi bir xəbər kimi, heç nə olmamış kimi yayırlar. Valideynlər deyir ki, hər iki oğlumuz kasıb, fəhlə adamlardır. Qaçqın həyatı, məhrumiyyətlər yaşadığımız üçün onlara təhsil verə bilməmişik. Onlar narkotik nə olduğunu bilmirlər. Onların cibinə narkotiki atıblar, onları şərləyib həbs ediblər, çünki Günel “Meydan TV”-dən imtina etmir. Çünki Günel haqq sözdən, həqiqətdən, vicdanından imtina etmir! Təsəvvür edirsiniz?! Bu, bir dövlətin süqutunun etirafıdır axı! Vətəndaşına ata-ana olmalı dövlətin, vətənaşının bu dünyadan köçəndə öz övladını arxayınlıqla əmanət edə biləcəyi dövlətin iflasının sübutudur axı! Bu, Azərbaycan dövlətinə, Azərbaycan hakimiyyətinə ittiham hökmüdür axı! Bu hakimiyyətdə bunu anlayacaq birisi yoxdurmu, lütfən! Belə hadisələr Stalin dövründə də olurdu. Ancaq o zaman Stalin, kommunizm sevgisi ilə zombiləşdirilmiş kütləyə bu addımları hansısa ideoloji bir səbəblə əsaslandırıraraq təqdim edirdilər. İndi isə Stalinin, Beriyanın ayaqqabısını geyinib ancaq onların yerişini yeriyə bilməyənləri heç belə əsaslandırmalar maraqlandırmır da! Onların məntiqi sadədir: “Şərləmişik, yaxşı eləmişik, tutmuşuq, əcəb eləmişik. Hakimiyyət bizimdir, nə istəyirik, onu da edirik!”. Günelin zavallı valideynlərinin halı mənə yəhudilərin məşhur Osvensim konslagerində yaşadıqlarını xatırlatdı. Orada insanları qaz kamerasına hissə-hissə aparıb məhv edirdilər. Valideylərə də “seçim” imkanı verilmişdi. Onlar əvvəl hansı övladlarını ölümə yollayacaqlarını özləri seçməli idilər. Günel xanımın valideynlərinə də belə seçim şansı verdilər, “sağ olsunlar”. Bədbəxt, biçarə ata-ana iki oğlunu xilas etmək üçün qızlarını “qaz kamerasına yolladılar”. Bu yolla, qızlarını qurban verməklə oğullarını xilas edə biləcəklərmi? Bilmirəm. Bircə onu bilirəm ki, bu yola düşmüş "dövlətçiliyi" daha heç kim və heç nə xilas edə bilməyəcək!

Hiç yorum yok: