reklam

Manşet

Əliyev xalqa nə dedi?Bayram təbriki, yoxsa böhran xəbərdarlığı

Yazar Unknown 5 Ocak 2016 Salı 0 yorum
Əliyev xalqa nə dedi?
Bayram təbriki, yoxsa böhran xəbərdarlığı Ölkə başçısı Ilham Əliyev ənənəyə sadiq qalaraq dekabrın 31-i, saat 23:45-də ekran qarşısına çıxaraq, xalqı təbrik etdi. Əslində, bu 15 dəqiqəlik danışığı təbrik adlandırmaq da düzgün deyil. Çünki, prezidentin bütün sözlərindən pessimizm, tənəzzül, əzginlik yağırdı. Ümumiyyətlə, ölkə başçısının budəfəki bayram nitqində 2 fərqli məqam var idi. Əvvəla, ölkə başçısı əvvəlki illərdə olduğu kimi inkişafın fontanından danışa bilmədi. Təkcə kənd təsərrüfatı sahəsindəki 7 faizlik artımdan danışdı ki, bunun da sürətlə üstündən keçdi. Çünki, kənd təsərrüfatı üçün ən uğursuz il, elə 2015-ci il olub. Sadəcə olaraq, ölkə başçısı rəqəmlərə istinad etməyi sevdiyi üçün, bu dəfə də hansısa rəqəmi söyləməli oldu. Ümumilikdə ölkə başçısı etiraf etdi ki, vəziyyət ağırdı, valyuta ehtiyatları azalır, böhran qaçılmazdı və s. Yəni ölkə başçısı etiraf etdi ki, hakimiyyətin yarıtmaz siyasəti ölkəni dalana dirəyib və “analoqsuz inkişaf”dan əsər-əlamət yoxdu. Bəli, həmişəki kimi “dünya Azərbaycan modelini öyrənir”, “bəlkə bir az yavaşlayaq” kimi fantastik ifadələrdən istifadə etmədi. Çünki, sözün həqiqi mənasında hökumətimizin sürəti tamam yavaşıyıb və ölkəni fəlakətin mərkəzinə gətiriblər. Ikinci fərqli məqam budur ki, Ilham Əliyev təbrik nitqində imkan tapıb “biz heç kimdən və heç nədən qorxmuruq” mesajını da verdi. Əslində, bu mesajın özündə bir qorxu işartısı var. ABŞ-dan gələn sanksiya küləyi, Avropa Parlamentinin məlum qətnaməsi, ümumiyyətlə, beynəlxalq aləmin hakimyyətə münasibəti, “qorxmuram” söyləmək zərurəti yaratdı. Hakimiyyət neftin qiymətinin yüksək olduğu vaxtlarda “bizim öz yolumuz var”, “heç kim bizim daxili işimizə qarışa bilməz” təbliğatı aparırdı. Ilham Əliyev indi də bu ifadəni işlətməklə ayaqda olduqlarını sübut etmək istəyir. Yəni bu tipli açıqlamalar həm komandanı sakitləşdirməyə, həm də daxili auditoriyanı çaşdırmağa xidmət edir. Ötən yazılarımızda da qeyd etmişdik ki, Ilham Əliyevin əfv siyahısında siyasi məhbusların olmaması da ABŞ-a qarşı hikkədən doğmuşdu. Bəlkə də Ilham Əliyev yeganə prezidentdir ki, ABŞ-ın, Avropanın acığına öz vətəndaşına zülm edir. Bayram çıxışında “biz heç kimdən qorxmuruq” deməklə də siyasi məhbusları da əfv etmədiyinə eyham vurdu. Elə fəxarətlə danışır ki, guya Rusiyanın acığına Ermənistana müharibə elan edib, Qarabağı geri qaytarıb. Qısası, Əliyev bu mesajı verdi ki, ölkəni iqtisadi baxımdan böhranla üz-üzə qoyduqları kimi, siyasi baxımdan da böhranın mərkəzinə çəkəcəklər. Yəni ölkə başçısının nitqində islahatların aparılacağı, 2016-cı ildə siyasi uğurlara doğru addımların atılacağı hiss olunmadı. Məlum oldu ki, tənəzzül siyasəti davam etdiriləcək və gözü çıxmış qardaşlarından dərs götürməyəcəklər. Ona görə də Azərbaycan xalqı dövlətinə sahib çıxmalı, ölkəni hakimiyyətin hikkəsinə qurban verməməlidir. Ilham Əliyevin bayram təbriki əslində böhran xəbərdarlığıdır.

Hiç yorum yok: