Manşet
Beynəlxalq Bankdan külli miqdarda kredit götürüb aradan çıxmış bir dələduz “iş adamı” 1000 nəfər işçisinin hər birinin adından kredit götürmüşdü. Hökumətin növbəti primitiv “anti-böhran” tədbiri bu hadisəni yenidən yadıma saldı. Banklara tapşırıblar ki, bir adama 1000-dən artıq dollar satmasınlar. Guya bu yolla pullu adamların çoxlu dollar almasının qarşısını alacaqlarmış. Yenə də böhranın səbəblərini aradan qaldırmaq əvəzinə nəticə ilə vuruşurlar. Adamlar, manat ona görə durmadan qiymətdən düşür ki, ölkədə real iqtisadiyyat yoxdur. Ölkəyə valyutanı ancaq neft gətirir, qalan hər şeyi isə xaricdən dollarla alırıq. Ölkədən qanunsuz yollarla iri miqyaslı kapital axını var. Yerli istehsal yox dərəcəsindədir. Korrupsiya, inhisar, vergi və gömrük soyğunçuluğu işgüzar mühiti öldürüb. Yerli və xarici sərmayə ölkədən qaçaq düşüb. Bu problemləri həll etmədikcə, dollara təlabat artmaqda davam edəcək. Təlabat artdıqca, dollar almağın da yolunu tapacaqlar.
İşçilərinin adına kredit götürmək ağlına gələnlər indi nəhəng tayfalarını (oliqarxın, korrupsionerin qohum-əqrəbası çox olurmuş), çoxlu sayda işçilərini dollar almağa səfərbər etməyəcəklər? Özünüzü də, milləti də aldatmayın. Vəziyyət ciddidir və ona uyğun olaraq ciddi tədbirlər görmək lazımdır. Nələr etmək lazım olduğunu isə sizə də, millətimizə də təklif etmişik.
Hiç yorum yok: