reklam

Manşet

Gömrükdə inhisarçılıq ləğv olunur, yoxsa yeni saxtakarlıq mexanizmi hazırlanır?

Yazar Unknown 6 Ocak 2016 Çarşamba 0 yorum
Ali Karimli (Əli Kərimli)

Əli Kərimli

Belə görünür ki, Gömrük Komitəsindəki peşəkar korrupsionerlərin qarşısına ciddi “dövlət vəzifəsi” qoyulub. Onlar elə bir mexanizm qurmalıdırlar ki, zahirən idxalda inhisarın aradan qalxdığı təəssüratı yaradılsın, hər kəsin ölkəyə xaricdən istədiyi malı gətirə biləcəyi elan edilsin, həm də elə olsun, gömrükdəki “qara kassa” da boş qalmasın, hazırkı inhisarçılar da ziyan çəkməsin. Görürsünüz, elə də asan iş deyil. Lakin hakimiyyət daxilindən sızan məlumatlara görə, təcrübəli, peşəkar saxtakarlar artıq belə bir mexanizmi yaradıblar. Yeni saxtakarlıq mexanizmi haqda danışmazdan öncə gömrükdə son günlərə qədər tətbiq olunan korrupsiya mexanizminə bir nəzər yetirək.
Ölkəmizdə rəsmi gömrük rüsumları kifayət qədər yüksək olduğundan sahibkarlar həmin məbləğlə qorxudularaq, kütləvi şəkildə qeyri-rəsmi ödənişlərə cəlb edilirdi. Qeyri-rəsmi ödəniş rəsmidən xeyli az olurdu və buna görə sahibkar da özünü “uduşlu” sayırdı. Həmin qeyri-rəsmi ödənişin çox az bir qismi gömrük rüsumu kimi rəsmiləşdirilirdi, qalanı da toplanırdı “qara kassaya”. “Qara kassa” da aşıb-daşırdı. Əsas saxtakarlıq mexanizmi isə onun üzərində qurulurdu ki, ölkəyə idxal olunan mallar gömrükdə real həyatda olduğundan onlarla dəfə ucuz qiymətə rəsmiləşdirilirdi. Məhz belə dövlət səviyyəsində həyata keçirilən cinayətkarlığın nəticəsidir ki, məsələn, 2013-cü ildə xaricdən ölkəyə gətirilən 109 min 435 baş diri iribuynuzlu mal-qaranın hər biri 29 dollar 91 sentə, 163 min 435 baş diri qoyunun hər biri 10 manat 77 qəpiyə sənədləşdirilib. Kartofdan banana qədər hər şey real satış qiymətindən onlarla dəfə aşağı qiymətə rəsmiləşdirilib. Yazının çox böyük alınmaması üçün digər malların rəsmiləşdirmə qiymətini yazmıram. Sadəcə onu yada salıram ki, 15 ölkədən Azərbaycana 2008-2013-cü illəri əhatə edən idxal məlumatları əsasında aparılan bir araşdırmada (Qubad İbadoğlunun araşdırması) 21.58 milyard dollarlıq fərq ortaya çıxmışdı. Hər il üçün idxalın həcmi bizim rəsmi statistikada qarşı tərəfin məlumatlarından orta hesabla 3.6 milyard dollar az göstərilib. Ən yüksək göstərici isə 2013-cü ildə qeydə alınıb – 4.9 milyard dollar. Bu mexanizm son günlərə qədər belə işləyib. Sadəcə, əlimin altında olan son statistika 2013-cü ilə aid idi.
İndi isə “gömrükdə islahat”, “idxalda inhisarçılığın ləğvi adı altında yeni saxtakarlıq mexanizmi hazırlanıb. Beləliklə, yeniləşdirilmiş gömrük saxtakarlığı mexanizmi belə olacaq. Elan olunacaq ki, hər bir şəxs xaricdən istədiyi malı gətirə bilər. Gömrükdə onlara gözlə görünən maneə yaradılmayacaq. Sahibkarların xaricdən gətirdiyi bütün mallara qanunvericiliyin tələblərinə uyğun gömrük rüsumu təyin edəcəklər. Sahibkar birinci zərbəni burada alacaq. Çünki indiyə qədər ölkəyə mal gətirə bilən sahibkarlardan gömrükdə alınan qeyri-rəsmi ödəniş rəsmən ödənməli məbləğdən az olub. Belə çıxır ki, “islahatdan” sonra sahibkarlar gömrükdə daha çox pul ödəməli olacaqlar.
Digər tərəfdən isə yeni saxtakarlıq mexanizmi oliqarxların, inhisarçıların maraqlarını da nəzərə alıb. İnhisarçıların gətirdiyi malların qiyməti yenə də real həyatda olduğundan aşağı qiymətə (məsələn, gətirilən mal əslində olduğundan aşağı növ məhsul kimi təqdim edilməklə) rəsmiləşdiriləcək. Bununla da inhisarçıların gətirdiyi mallar onlara daha ucuz başa gəldiyindən pərakəndə satışa daha ucuz qiymətə buraxılacaq. Beləliklə, formal olaraq idxalda inhisar ləğv edilmiş sayılacaq, heç kimə hansısa malları ölkəyə gətirmək qadağan olunmayacaq, amma yenə də arxasız sahibkarlar bazara girə bilməyəcək, bazar bugünkü inhisarçıların əlində qalacaq.
Yeni mexanizmdə “qara kassa”nın qorunması yolları da var. Gömrükdə gətirilən mala görə qanuni ödəniş alınacaq, sonra isə həmin mal ya ikili sənədləşdirmə, ya da mal gətirənin razılığı ilə (prinsipcə mal gətirən üçün onun dövlət sənədlərinə hansı adla və qiymətlə daxil edilməsi əhəmiyyətli olmayacaq) real dəyərindən ucuz rəsmiləşdiriləcək. Arada yaranan fərq isə “qara kassa”ya köçürüləcək.
Beləliklə, bir daha aydın olur ki, qətiyyən real islahatlar barədə düşünmürlər. Fikirləri ancaq ondadır ki, xalqı necə aldatsınlar - həm oğurlamaqda davam etsinlər, həm də gözə kül üfürüb, islahat görüntüsü yaratsınlar. Həm xalqın qəzəbindən qorxurlar və müxtəlif üsullarla ondan yayınmaq istəyirlər, həm də nəfslərini cilovlamaq istəmirlər. “Çox yemək adamı az yeməkdən də məhrum edər” müdrük kəlamını da unudublar.                                                                                                                                                          

Hiç yorum yok: