reklam

Manşet

Zamin Hacı.Yuxuda ölənlərin xoşbəxtliyi

Yazar Unknown 8 Aralık 2015 Salı 0 yorum
Zamin Vəzir Hacı“Günəşli” neft yatağında yanğın neçə ailələrimizin günəşini söndürdü. Biz bu kədərli əhvalatın, faciənin xəbərlərini ilk dəfə xarici agentliklərdən aldıq. Camaat “Röyter”i izləyirdi. Azərbaycanlı jurnalistlər isə (içi mən qarışıq) öz acizliklərini boyunlarına alaraq sosial şəbəkələrdə elan verirdilər: “Hadisədən xəbəri olan varsa bizə bildirsin”. Halbuki, tərsinə olmalı idi. Camaat jurnalistlərdən informasiya almalıydı. 

Sovet vaxtı da belə olub. İnsanlar öz ölkələrində baş verənləri “Amerikanın səsi”, “Azadlıq”, “BBC” radiolarına gizli qulaq asmaqla öyrənirdilər. İndi də belə ölkələr var. Misal üçün, Şimali Koreya, İran. Azərbaycanda da informasiya məkanı artıq bu kökdədir. Açıq cəmiyyət gedib işinin dalıyca, indi biz yetərincə qapalı cəmiyyətin sakinləriyik. Anons edə bilərəm ki, bir azdan burada mənim də yazılarımı oxuya bilməyəcəksiniz. Bəlkə heç “bura” deyə bir yer də qalmadı. 

İndi 30 adam bir gündə həlak olub deyə matəm elan elədilər, yoxsa neft sənayemizin hər il azı 15-20 qurbanı vardı. Bir növ, atəşkəs qurbanları kimi, gərək kimsə bunların da monitorinqini aparıb adbaad siyahı tərtib edəydi. Belə getsə bunu da Almaniyada yaşayan bloqqer Həbib Müntəzirdən xahiş eləməli olacağıq. Ölkə daxilində monitorinq aparanları tutub zindana salırlar. Guya mətbuat boğulanda özüldə yanğın da sönür. Belə fikirləşirlər. Çünki şəffaflığın düşmənidirlər. Çünki şəffaflıq olsa, media inkişaf etsə qəzetçinin özünün də qayığı, helikopteri olar və gedib görər ki, əslində özüldə xilasetmə işləri çox bərbad aparılıb. Media inkişaf eləsə, özüllərdə təhlükəsizlik, əmək qaydalarına necə riayət edilməsi vaxtaşırı diqqət mərkəzinə gələr. İndiki halda isə, dərə xəlvət, tülkü bəy. Cücələr də islanıb boğulur, tülkülərə yem olur. 

Nardaran hadisəsindən sonra Mətbuat Şurasının sədri, təzəcə deputat mandatı ənamı da almış Amaşovun bir açıqlaması vardı, deyirdi media özünü yaxşı apardı. Bunu belə anlamaq lazım idi: “Artıq hamını susdura bilmişik, istənilən işi görmək olar”. Halbuki, Nardaranda da medianın qətli aydın görünmüşdü. Günlər keçib, ancaq cəmiyyət hələ də orda nə olduğunu düzgün bilmir. Neçə nəfər ölüb, neçəsi tutulub, ölənlər hardadır və sairə - bütün suallar açıq qalır. Əməliyyatların primitiv fotosu, videosu belə ortada yoxdur. Amaşov bunu tərifləyirsə, o zaman “ən yaxşı jurnalist ölü jurnalistdir” şüarını MŞ-nin qaranlıq dəhlizindən asa bilər. Təbriklər. Çüçxe rejiminiz qutlu olsun. “Tıtçi masee, podji marara!” (Şimali koreyalıların dilində təxminən “baxma, qulaq asma” deməkdir). 

Qapalı, totalitar dövlət quruculuğu yolunda iri addımlarla irəliləyərkən hər özüldə 30-40 adam ölsə bundan narahat olmaq lazım deyil. Bilməyəndən sonra narahat olmursan. Necə ki, vaxtilə sovet adamları Çernobılda nə olduğunu uzun müddət bilmədilər. Hətta bilgisizlik üzündən xeyli insanı fəlakət zonasına basıb işlətdilər, nəticədə bütün SSRİ məkanında “Çernobıl əlilləri” deyə bir sinif yarandı. Elə bu cür xəbərsizliyə görə indinin özündə bir çox sovet adamları həmin bərbad dövlətin xiffətini çəkirlər. Deyirlər o vaxt yaxşı idi, fəlakət, ölüm-itim olmurdu. Daha bu adamlara necə izah edəsən ki, indikindən qat-qat artıq fəlakət və faciələr olurdu, sadəcə, bir küçənin camaatı o biri küçədəki faciədən xəbərsiz qalırdı. İnsanlar “filankəs yuxuda öldü, necə xoşbəxtdir” deyirsə, onlardan açıq, oyaq cəmiyyət istəmək anormaldır. 

“Günəşli” faciəsinə görə yaradılan dövlət komissiyasına baş nazir Artur müəllim Rasi-zadə sədrlik edirmiş. Bu, uca millətimizin onun soyadını düzgün yazmağı öyrənməsindən keçən qısa müddətdə baş nazirin ilk işidir. Bəlkə də heç Artur müəllim özü də bilmir necə məsul vəzifə daşıyır. “Alabala” Abid deyilənə görə Çində azarlayıb, vətənə gələ bilmir, yoxsa onu komissiyaya sədr qoyub əylənərdik. Bəxtimiz gətirsə bəlkə ağlamsınardı. 

Bəs “bu da külək idi, əsdi” deyən necə, hələ olmayıb?

Hiç yorum yok: