reklam

Manşet

MƏKTƏBLƏRDƏ İSTİFADƏ OLUNAN ERİSMAN PARTALARI NECƏ OLDU?

Yazar Unknown 28 Aralık 2015 Pazartesi 0 yorum
Hal-hazırda insanlar arasında məktəblərdə istifadə olunan mövcud avadanlıqların uşaqların sağlamlığına ziyan vurması fikir geniş yayılmışdır.
Məktəb gigiyenasının banisi F.F. Erisman (1842-1915) “ yaxından görmənin yaranmasında məktəbin təsiri” elmi əsərində (1870) ilk dəfə olaraq məktəblilər arasında yaxından görmənin yayılması və sinifdən-sinfə artması meylini göstərmişdir. Bu təzahürün yaranma səbəbini açıqlayan F.F. Erisman göstərmişdir ki, “proqressiv miopiyanın əsas səbəbi tədris şəraitinin səmərəsiz təşkilidir”. O, yaxından görmə qüsuru olan şagirdlər arasında aparılacaq bir sıra profilaktiki tədbirləri işləyib-hazırlamış və əsaslandırmışdır: sinfin işıqlandırılmasına olan gigiyenik tələblər, məktəb masaları və oturacaqlarının ölçüləri və konstruksiyaları. O, xüsusilə də məktəb partalarının konstruksiyasını təklif etmişdir (Erisman partaları).
Erisman partasının konstruksiyası məktəbliyə daha rahat poza seçməyə imkan verir, uşağın normal inkişafına mane olmur, düzgün qaməti formalaşır. Parta arxasında qaməti düzgün saxlamaqla oturmaq daha az yorucudur, uşağın yüksək iş qabiliyyətinə imkan yaradır, yazma və oxuma üçün çox rahatdır. Parta qapağının maili olması kitabda və ya dəftərdə olan mətnləri düz bucaq altında görməyə imkan verir, bu da məktəblinin görmə qabiliyyətinə müsbət təsir edir. Bundan başqa, partanın konstruksiyası gözlə dəftərdəki və ya kitabdakı mətn arasında maksimum düzgün məsafəni, yəni 30-40 sm. nəzərdə tutur.
“Sağlam Təhsil” siniflərində uşağın boyuna uyğun tənzimlənən və orqanizmin anatomik quruluşunu nəzərə alan daha təkmil oturaq və ayaqüstə iş masalarından istifadə olunur. Qapağının mailliyi 12˚ olan “Erisman” partalarından fərqli olaraq, “Sağlam Təhsil” masalarında işçi səthin mailliyi 16˚-dir. Bu da görmə orqanlarının işi üçün daha münasibdir. “Sağlam Təhsil” masalarının hündürlüyü şagirdlərin günəş kələfi səviyyəsinə uyğundur.
(Şəkildə sovet dövründə şox-çox insanların arxasında oturub təhsil aldığı, məktəblərdə gigiyena anlayışının unudulması ilə yoxa çıxan “Erisman Partası” göstərilir.)
Şəhla Balayeva
Tibb elmləri namizədi
Azərbaycan Tibb Universitetinin Uşaq və yeniyetmələr gigiyenası kafedrasının dosenti
"Sağlam Təhsil-Sağlam Millət" layihəsinin Tibbi-Gigiyenik blokunun Gigiyena alt blokunun rəhbəri

Hiç yorum yok: