reklam

Manşet

Zamin Hacı.Nömrələmək lazımdır

Yazar Unknown 2 Aralık 2015 Çarşamba 0 yorum
'Zamin Vəzir Hacı
12 Sentyabr 2014 · Baku · 
sünni-şiə məsələsi

Tarixi təcrübə göstərir ki, şiə məzhəbi sünni məzhəbinə nisbətdə daha mütərəqqidir. Çünki əsl islama xeyli teatrallıq, insanpərvərlik, humanizm gətirib. Məsələn, şiələr uzağı özlərini döyürlər, sünnilər isə cihad eləyir. Şiənin terror təşkilatı, misal üçün, "Hezbolla" sünni təmayüllü terror təşkilatlarının (Əl Qaeda) yanında "Freedom Haus" kimi bir şeydir. Şiələrin qurduğu dövlətlər də sünnilərin qurduğuna nisbətdə daha humanistdir. Misal üçün, İran, Bəhreyn, Azərbaycan... Qalan müsəlman dünyası əhli-sünnədir, nə gündədir, özünüz bilirsiniz. İran Pakistan və Səudiyyədən min dəfə yaxşı yerdir.

Azərbaycanı xüsusi yazıram, bizdə indiyə qədər dini sahədə boğuşmanın az olmasının, qanın az tökülməsinin əsas səbəbi məncə şiə məzhəbinin üstünlüyü ilə bağlıdır.

Mən bütün dinləri puç hesab edirəm (c) amma seçmək məcbur olsa şiəliyə "hə" deyərdim.

statusa soyadımın dəxli yoxdur...))'Düzü, telekanalizasiyalara baxmıram, o üzdən dost-tanışlar Zəhər TV adlı kanalın (Xəzər bizim gözümüzün işığıdır, onun adını hər kirli yerlə yanaşı çəkmək olmaz) Nardaran hadisələrini... Xədicə İsmayıla bağlamaq cəhdindən danışmasalar bunu heç bilməzdim. O üzdən belə dost-tanışları qınayıram. türkün məsəli, “olmaz-olasınız”. 

Mənim o kanalın səfehliyinə heç vaxt şübhəm olmayıb, üstəlik, hələ hardasa 10 il qabaq televizora baxanda nə mal olduqlarını görmüşdüm. O vaxtlar bunların bir ağsaqqal dədələri vardı, istənilən verilişin içindən çıxıb moizə oxuyurdu. Elə bil telekanal yox, köhnə kənd qəbiristanlığı idi. 

Araşdırmaçı jurnalist, xalqımızın görkəmli övladı Xədicə xanımı bir ilə yaxındır türmədə saxlayırlar və bir həftə qabaq hansısa kənddəki hadisəni onun təsirinə yozmaq təkcə kanalda ağıl azlığına dəlalət eləmir. Bu, eyni zamanda Xədicə İsmayıldan, azad sözdən, jurnalistikadan qorxunun görsənişidir. 

Türmədə saxlanan işıqlı insanlarımızdan biri də Tofiq Yaqubludur. Tofiq bəy bu yaxında yazdığım “Ədliyyə Nazirliyinin adı dəyişməlidir” yazısı ilə bağlı mənim üçün çox böyük önəm daşıyan fikirlərini göndərib, istərdim onları sizinlə bölüşüm: “Yazıdakı mövqeyinizi tam dəstəkləyirəm. Nə vaxtsa mən də bu haqda yazmışam. Əlavə olaraq fikrim də var. Daxili İşlər Nazirliyinin də adı düzgün deyil. Düzdür, bu, dünyanın çox yerində belədir, ancaq doğru deyil. Xarici İşlər Nazirliyinin adı doğrudur, çünki bu nazirlik dövlətin xarici işləri ilə məşğul olur. Ancaq cinayətkarlığa qarşı mübarizə ölkəmizin əsas iç işi deyil. İqtisadiyyat, ictimai münasibətlər sistemi, elm, təhsil və sairə daha çox ölkənin daxili işi sayılar, nəinki polislərin cibgirləri tutması. Məncə, bu nazirliyin adı gördüyü işə uyğun dəyişdirilməlidir”. 

Tofiq bəy dəyişib nə qoymaq təklifini yazmayıb, mən deyərdim Polis Nazirliyi daha uyğundur. Ümumən təklifi bəyənirəm və içəridə də ölkənin irili-xırdalı problemləri haqda düşünən Tofiq bəy kimi insanları zindanda saxlayan, cəmiyyətdən təcrid edən hakimiyyəti qınayıram. 
Nardaran problemini öz parnikində yetişdirən, vaxtaşırı ordan məhsul dərən yapistlərə isə başqa bir təklifim var. O boyda toqquşma oldu, bəyəm bunu da Eldar Mahmudova bağlamaq çətin idi? Yaxud Çovdarova. İşləmirlər, çox tənbəldirlər. Gözləyirlər yenə neftin qiyməti qalxsın. O qədər variant batıb gedir, adam heyfsilənir. Örnəklər də verə bilərəm. Vaxtilə rejim Nardaranda yeni “toqquşma” düzəldəndən sonra kəndin guya işsizlik problemini həll etmək fikrinə düşmüşdü. Sizcə, kəndi hansı nazirə tapşırdılar? Bizim qəbilə-mağara sistemində axı hər kəndin öz yiyəsi, kuratoru, balaca “paccahı” olmalıdır. Eh, xalqımızın yaddaşı çox qısadır, hər şeyi unudur: Nardaranı Ziya Məmmədova tapşırmışdılar! Ziya müəllim bir neçə nardaranlını hətta qatarlara bələdçi işinə də düzəltmişdi. 

İndi sözümün canı odur ki, kənddə toqquşmanı Ziya müəllimin vurulmasına sintez eləmək mümkün idi. Media da elə bil ölüb. Rəhmətliyin uşağı, bu cür mövzu batdı getdi... Haçana qədər sizin hamınızın əvəzinə işləyəcəyik? 

Bir məqamı da mütləq qeyd eləməliyəm. Mən fikir vermişəm, hər dəfə cəmiyyətə nəsə qanqaraçılıq düşəndə, hökumət adlarımızı başımıza qaxır. Bir nazirlikdə ad komissiyası, onun da Sayalı xanım adlı müdiri var, ara qarışan kimi çıxır deyir ki, Taxtabaş və Gicqulu adlarının uşaqlara qoyulmasını qadağan edirik. Vəssalam. Bununla söhbət ölür, millət başlayır öz adlarına lağ eləməyə: “Adə, Məmişqulu adı var e!”, “Sən öl, bunların acığına uşağa Onbaşı adı qoyacam” və sairə. 

Birdəfəlik nömrələsəydilər, dincələrdik.

Hiç yorum yok: