reklam

Manşet

Nahid Cəfərov.Rusiya-Türkiyə böhranı, Putnam və “cücə”

Yazar Unknown 12 Aralık 2015 Cumartesi 0 yorum
Nahid JafarovHal hazırda regionun iki güclü dövləti olan Rusiya və Türkiyə arasında gərginlik gündən günə artmaqdadır. Bir tərəfdə NATO üzvü olan Türkiyə və yüksək dərəcədə döyüş əhval ruhiyyəsinə malik olan türklər, digər tərəfdə isə kifayət qədər müasir hərbi texnikaya malik olan, Türkiyə qaz bazarının 60%-ni qazla təmin edən və eyni zamanda yalnız hərbi məntiqlə düşünən Rusiyanın olması vəziyyətin həddindən artıq ciddiliyindən xəbər verir. Bu məqalədə əsas məqsəd bu gərginliyi beynəlxalq münasibətlər sahəsinə aid olan iki nəzəriyyə ilə - “cücə” oyun nəzəriyyəsi (chicken game theory) və iki səviyyəli oyun nəzəriyyəsi (Robert Putnam, two level game theory) ilə izah etməkdir.
Oyun nəzəriyyələri sırasında beynəlxalq münasibətlərdə və eyni zamanda gündəlik həyatda tədbiq oluna bilən ən maraqlı modellərdən biri “cücə” oyun nəzəriyyəsidir. Fərqli sahələrdə bu nəzəriyyəyə fərqli adlar verilsə də (Məs: təkamül nəzəriyyəsində bu konsept “qartal-göyərçin” kimi adlanır) nəzəriyyənin mahiyyəti dəyişilmir. Bu sadə və eyni zamanda praktik olan bu nəzəriyyənin izahını verməmişdən öncə qeyd etmək lazımdır ki, bu nəzəriyyə 1962-ci ildə SSRİ-ABŞ arasında baş vermiş Karib böhranını izah edərkən geniş istifadə olunmuşdur. Nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, qarşı-qarşıya yüksək sürətlə hərəkət edən iki aftomobili idarə edən hər bir sürücü iki seçimə malikdir: ya qarşıdan gələn avtomobilin sürücüsünə yol verməli və ya yüksək sürətlə hərəkətə davam etməlidir. Çox sadə görünən bu nəzəriyyəni mürəkkəbləşdirən iki amil var: 1) yol verən qorxaq və ya “cücə” adlandırılacaq, 2) heç bir sürücü qarşıdan gələn sürücünün hansı seçimi edəcəyini bilmir. Bundan əlavə, heç bir sürücü “cücə” adlandırılmağını istəməsə də, ölməyini də istəmir. Bu nəzəriyyəyə görə, sən qarşı tərəfin geri çəkilməyini istəyirsənsə ən pis senariyə hazır olduğunu göstərməlisən. Rusiya və Türkiyə prezidentləri yüksək sürətlə qarşı-qarşıya gələn və heç biri həm ölmək istəməyən və həm də geri çəkilmək istəməyən həmin o avtomobillərin sürücüləridir. Hər iki tərəfin bir birinə intensiv halda əzələ nümayiş etdirməsi və əllərində olan təzyiq mexanizmlərini gündəmə gətirərək özünün ən pis senariyə hazır olmasını göstərməsi qarşı tərəfin geri çəkilməyə sövq etməsi istəyindən doğur.
Bundan əlavə, digər nəzəriyyə isə iki səviyyəli oyun nəzəriyyəsidir. 1976-1979-cu illərdə G7 sammiti ilə əlaqədar araşdırma işlərinə cəlb olunan Harvard Universitetinin siyasi elmlər üzrə professoru Robert Putnam isə özünün 1978-ci ildə təqdim etdiyi iki səviyyəli oyun nəzəriyyəsi ilə Rusiya və Türkiyə arasındakı münasibətlərin sürətlə yuxarıda qeyd edilən toqquşma nöqtəsinə doğru hərəkət etdiyini göstərir. G7 sammitində əməkdaşlığın formatının getdikcə dəyişdiyini görən Putnam, bu dəyişkənliyi sammitdə iştirak edən liderlərin fərqli dərəcədə manevr edə bilmə qabiliyyəti ilə izah edir. Müəllifin fikrinə görə, beynəlxalq münasibətlərdə dövlətlər arasında əməkdaşlıq iki səviyyədə- ölkə daxili (ictimai) və dövlətlərarası- həyata keçirilir. İki dövlət arasındakı əməkdaşlığın cəmiyyətə olan təsirini (ölkə daxili) analiz edən daxili qüvvələr bu əməkdaşlığın ən ideal senarilərini müəyyən edirək bu cəmiyyəti təmsil edən dövlət nümayəndəsi üçün fəaliyyət çərçivəsi formalaşdırırlar. Digər sözlə ifadə etsək, əməkdaşlıqda dövləti təmsil edən nümayəndə qalib gəlmək üçün öz fəaliyyətini əsasən daxildə formalaşmış senarilərə uyğunlaşdırmaq məcburiyyətində qalır. Bu nəzəriyyə əsasən dövlətlər arasındakı əməkdaşlığın dərəcələrini izah etsə də, Rusiya-Türkiyə gərginliyi fonunda iki ölkə liderlərinin əməkdaşlığın mümkün cizgilərini müəyyən edir.
Qeyd etmək lazımdır ki, “cücə” oyun nəzəriyyəsinə görə hər iki lider qarşı tərəfi yoldan çəkindirmək üçün ən pis senariyə hazır olduqlarını göstərmək məqsədilə ölkələrində formalaşdırmaqda olan ictimai dəstək eyni zamanda, Putnama görə, həmin liderlər üçün manevr imkanlarını azaldır və bu da müharibəni qaçılmaz edir. Lain, gərginliyin əsas səbəbi olaraq Rusiyanın Türkiyə hava məkanını pozması (günahkarlıq hissi) və eyni zamanda qərbin Rusiyaya qarşı tədbiq etdiyi iqtisadi sanksiyaların məhz Rusiya əhalisinə birbaşa təsiri və Rusiya Ukrayna müharibəsi əhalidə yeni qarşıdurmaya müəyyən qədər soyuq münasibət yaradır. Bu da Putin höküməti üçün əməkdaşlığın daha geniş manevr imkanlarını yaradaraq vəziyyəti gərginlik fazasından çıxartmaq imkanı ilə təmin edir. Məhz bu amilləri nəzərə alaraq düşünürəm ki, bu qarşıdurmada Rusiyanın geri çəkilmə ehtimalı Türkiyədən daha çoxdur. Nəzərə alsaq ki, istənilən davranış və istənilən qərar liderlərin psixoloji və rasional düşüncələrinin məhsuldur, hər iki lider “nəyin bahasına olursa olsun “cücə” adlandırılmaqdan çəkinmək lazımdır“ məntiqi ilə davam edə bilər və III dünya müharibəsinin əsasını qoya bilər.

Hiç yorum yok: