reklam

Manşet

Nahid Cəfərov:"Bizə beyinlərdə inqilab lazımdır"

Yazar Unknown 12 Aralık 2015 Cumartesi 0 yorum
Nahid JafarovMəmməd Əmin Rəsulzadə ilə bağlı qalmaqal və bunun nəticəsi olaraq Gəncədəki parkların birində Rəsulzadə heykəlinin başına keçirilən torbanın çıxarılması təqdirə layiq olan bir haldır. Lakin, bundan sonra baş verənlər məni bu statusu yazmağa vadar etdi.
Bir insanın şəxsi inkişafı həmin insanın məhz özünə qarşı olan tənqidi yanaşmasından və inamından asılıdır. İnam hissəsi ilə işim olmasa da, cəmiyyətimizdə ən böyük problem özümüzə qarşı tənqidi yanaşa bilməyərək eqomuzu hər şeyin fövqündə tutmağımızdadır.
Özümüzə olan tənqidin yerini eqomuza olan xidmət alır. Bu gün 10 müəllifdən fərqli fikirlər oğurlayaraq müxtəlif dillərdən tərcümə edib adımıza kitab nəşr etdiririk. Düşünməkdən ki, bu yaxşı əməl deyil və mən əslində bundan da yaxşısını bacararam, biz bunun reklamını və bununla eqomuzun qaldırılmasını düşünürük.
Məmməd Əmin Rəsulzadə olayında da bu yanaşma bir daha öz əksini tapdı. Hər kəs bu qələbəni öz adına yazmağa çalışdı. Onun ziyalısından tutmuş TV kanalına qədər hər kəs "bunu mən etdim" və ya bunu "filankəs" etdi deyə fikirlər səsləndirdi. Amma reallıq bundan ibarətdir ki, bunu biz hamılıqla etdik. Bunu millət etdi və o mənəm mənəm deyənlər də bu millətin içində bu prosesə bir töhfə verdi. Bizim bu gün futbol kimi komanda oyunlarımızdakı zəifliyimizin də səbəbini məhz bunda axtarın. Bu problemin də kökü Azərbaycanın bərbad vəziyyətində olan təhsil sistemindədir.
İnkişaf etmiş ölkələrin təhsil sistemi məhz komanda işi üzərində qurulur. Hətta bir çox hallarda ev tapşırıqları belə tələbələrə qrup halında tapşırılır. Bu gün bizim bir xalq kimi gücümüzü bir yerə qoya bilməməyimizin də səbəbi budur. Bunun üçün ilk öncə düşüncəmizi beynimizdə inqilab edərək dəyişməliyik və öz eqomuzu bir kənara qoyub "mən etdim" yanaşmasından qaçıb "biz etdik" yanaşmasına keçməliyik.
Bunun bir o qədər də asan olmadığını bilirəm. Çünki, "mən etdim" yanaşmasında şüuraltı olaraq şəxsiyyətin təsdiqi və eqomuzu ucaldan təriflər durur. Əmin olun ki, "biz etdik" yanaşmasında isə ondan vacib olan şeylər var. "Biz etdik" yanaşması birgə xoşbəxt yaşamaq və bir millət olaraq formalaşmaq deməkdir.

Hiç yorum yok: