reklam

Manşet

Nahid Cəfərov:"Biz azərbaycanlılar fərdiyyətçiyik"

Yazar Unknown 16 Aralık 2015 Çarşamba 0 yorum
Nahid JafarovAzərbaycan dili ilə bağlı bir çox fikirlər səsləndi və mən də bu məsələni yenidən gündəmə getirərək fikirlərimi sizinlə paylaşmaq istərdim. Başqa dili öz dilimizdən üstün tutmaq son günlərdə formalaşan bir şey deyil. Bu tarixən bu cür olub (əvvəl ərəb dili oldu, sonra fars dili oldu və daha sonra rus dili). Bunun səbəbini bilmək üçün Azərbaycan dilini danışdığı dildən zəif bilən insanlar özlərinə bu sualı verməlidir: nəyə görə mən rus dilini daha yaxşı bilirəm? 
Çünki rus bölməsində oxumuşam. Cavab çox bəsit olacaq, bunu bilirəm. Amma məsələ bununla bitmir.
Yaxşı, bəs nəyə görə rus bölməsində oxumusan? Çünki, valideynlərim o bölməyə məni qoyub.
Yaxşı, bəs nəyə görə valideynlərin səni o bölməyə qoyub? Baxın, problemin kökü burdadır.
Biz Azərbaycanlılar millətimizi, xalqımızı inkişaf etdirməkdənsə və ya millət olaraq inkişaf edib bizi idarə edənlərə qarşı çıxmaqdansa, biz onların dilini və mədəniyyətini öyrənib onlar kimi olmağa çalışaraq özümüz fərd olaraq vəziyyətdən çıxmağa çalışmışıq. Çünki, bu milləti inkişaf etdirməkdən daha asan və daha realdır. Bizim digər dilə və mədəniyyətə olan sonsuz məhəbbətimizin kökündə bu durur. Bu gün Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzəyir Hacıbəyov, Məmməd Əmin Rəsulzadə ona görə bu xalqın unudulmaz övladlarıdırlar ki, onlar bu problemin kökünü dərk edib onunla mübarizə aparıblar.
Dil bir millətin millət olaraq formalaşması üçün ən əsas elementlərdən biridir. Bu gün Hollandiya höküməti sənə 10.000 avro kredit verir ki, sən onun dilini öyrənəsən və əgər 3 il ərzində bu dili sərbəst danışa bilsən o pulu sənə bağışlayır. Baxın, budur bir millətin özünə və dilinə verdiyi dəyər.
Digər bir misal. Türkiyənin tanınmış aktyorlarından biri Almaniyada böyümüş Ufuk Özkan bunları qeyd edir: "Bir gün evdə bacım məndən nəsə soruşdu və mən ona almanca cavab verdim. Buna görə atam məni saatlarla hamamda, bağlı qapı arxasında saxlayaraq cəzalandırdı". Bunun kimi misallar yüzlərnəndir. Mən millətçi deyiləm (yəni, düşünmürəm ki, mənim millətim hamıdan üstündür), amma öz millətimi və ona məxsus olan atributları çox sevirəm.
Sonda qeyd edim ki, bu gün Azərbaycan dili ilə Rus, Türk, Alman dilləri arasında heç bir fərq yoxdur. Bütün dillər söz və söz birləşmələrindən ibarət olan danışıq vasitəsidir. Fərq yalnız onlara verilən dəyərdədir.
P.S. Bunu yazmaqla kiminsə qəlbinə toxunmaq istəmirəm. Sadəcə düşündüklərimi yazdım.

Hiç yorum yok: