reklam

Manşet

Milli Şuranın sədri, professor Cəmil Həsənli yazdı

Yazar Unknown 6 Aralık 2015 Pazar 0 yorum
“Dostlar! “Günəşli” yatağında baş verən yanğın böyük faciədir. 34 nəfər həyatını itirib, çox sayda insan yaralanıb, itkin düşənlər var. Böyük itkidir. 34 ailə başsız qaldı. Niyə bu faciələr bizim başımıza gəlir? Bu ilin may ayının 19-da alışqan üzlüklərlə üzlənmiş 16 mərtəbəli binada içində körpə uşaqlar da olmaqla 16 nəfər insan həyatını itirdi. Bu faciənin əsl günahkarlarına, alışqan üzlüklərdən qazanc götürən üzlü məmurlara, buna icazə vermiş müvafiq nazirlik və idarələrə gözün üstə qaşın var deyən olmadı. 16 nəfər vətəndaşımız yüksək vəzifə sahiblərinin həddi-hüdudu olmayan tamahının, səhlənkarlığının, laqeydliyinin, biganəliyinin, əsl həqiqətdə isə cinayətinin qurbanı oldu. Dedilər ki, guya prezident yanan binanı nəzarətə götürüb. O, nəzarətin axırı necə oldu? Əsl günahkar tapıldımı, cəzasını aldımı? Bir-iki yetim-yesiri, mənzil istismar sahəsi əməkdaşını məsuliyyətə cəlb etməklə 16 şəxsin həyatına son qoymuş cinayət hadisəsi ört-basdır edildi. İl ərzində içində Qarabağ əlilləri olmaqla təxminən bir o qədər adam da haqsızlığa, çarəsizliyə, ədalətsizliyə, məmur harınlığına, kredit əsarətinə etiraz edərək özünü yandırdı. Bu günə kimi hansı vəzifəli şəxs vətəndaşı özünü öldürmə həddinə çatdırma ittihamı ilə sorğuya çəkilib? Bu intiharlar ölkəsində həmin ittiham üzrə təkcə Xədicə İsmayılı həbsə alınıb. Yüksək vəzifə sahiblərinin zülmünə etiraz əlaməti olaraq özünə od vurmuş Qarabağ qazısının bədənindən qalxan alov ərş-əlaya, tüstüsü göyün yeddinci qatına qalxır. Bu intihar hesab edilmir. Amma kimsə siçan dərmanı ilə siçan-pişik oynayır buna görə özünü intihar həddinə çatdırma maddəsi ilə Xədicəni tuturlar. Daxili İşlər Nazirliyinin qeyri-peşəkarlığı, məsuliyyətsizliyi, hoqqabazlığı nəticəsində Nardaranda 7 nəfər insan həyatını itirib, yalnız 10 gündən sonra həlak olan insanların cəsədləri ailələrinə verilir. Bütün baş verən qanunsuzluqlar və o cümlədən meyitlərin sahiblərinə uzun müddət verilməməsi DİN-in insan ölümü ilə nəticələnən müəmmalı “əməliyyatını” ört basdır etmək cəhdidir. “Günəşli” yatağının 10 saylı platformasında baş vermiş yanğın nəticəsində 34 nəfər həyatını itirib. Bu faciə barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə məlumatından bir şey anlamaq olmur. Ölənlərin sayı barədə məlumatlar xarici agentliklər tərəfindən dəqiqləşdirilib. Bu işə məsul olan idarələr isə faciə barədə ölkə ictimaiyyətinə başa düşülən bir məlumat vermir. Bu ölkədə hamı odla oynayır: kimisi məsuliyyətsizliyindən, kimisi harınlığından, kimisi də çarəsizliyindən. 19 may faciəsi bu adamlara dərs olmadı. Heç bir peşə hazırlığı olmayan şəxslər bacarmadığı sahələrə rəhbərlik edəndə belə də olacaq. İnşaat mühəndisi Azneftə, həvəskar bəstəkar FHN-ə, vaxtilə cinayət işini saxtalaşdırdığına görə prokurorluq orqanlarından xaric edilmiş birisi də Baş prokurorluğa rəhbərlik edir. 34 nəfərin həyatına son qoymuş bir faciə haqqında onların verdiyi açıqlama bundan artıq olmayacaq ki. Azneftin tarixində ilk dəfədir ki, neft sənayesinə aidiyyəti olmayan adam Dövlət Neft Şirkətinə başçılıq edir. Hanı milyonlarla vəsait xərclədiyiniz təhlükəsizlik texnikası, əmək mühafizəsi, təbii fəlakət zamanı neftçilərin odda yanmamaları, suda batmamaları üçün istifadə etməli olduqları qoruyucu geyimlər, fövqəladə böhran şəraitində insanları xilas etmək üçün aldığınız avadanlıq? Bu qardaşlarımıza Allahdan rəhmət diləyirik, ailələrinə başsağlığı veririk, onlar tək təbii fəlakətin deyil, həm də məmur səhlənkarlığının, bacarıqsızlığının, laqeyidliyinin qurbanı oldular”.

Hiç yorum yok: