reklam

Manşet

Elnur Astanbəyli.Vətəni sevməkdən utanmalıyıqmı?

Yazar Unknown 6 Aralık 2015 Pazar 0 yorum
Elnur Astanbəyliİlk baxışda elə görünə bilər ki, baş verənlər fonunda xırda məsələdi, amma inanın ki, belə deyil. Çünki altşüurumuzdakı zəif nöqtələrdən xəbər verir. Deməli, xeyli adam faciə ilə bağlı Ramiz Rövşənin "Vətən" adlı şeirini paylaşır. Deməli, o şeirdə belə misralar var ki, "Bilirsən səni sevmək bu saat nəyə bənzər, Zorlanmış bir qızı sevməyə bənzər". Bu insan naqisliyinin son həddidir. Əvvəla zorlanmış qızı niyə sevmək olmaz? Axı o fahişə deyil, o zorakılığın qurbanıdır. Sevgiyə də layiqdir, hörmətə də. Hətta daha çox layiqdir. Çünki zorlanma varsa, deməli ortada qarşı tərəfin müqaviməti var, dirənişi var. Könüllü şərin qucağına yatmaqdan qat-qat qiymətlidir bu. İkincisi, "Adam səni sevməyə indi utanır, Vətən.... Neftlə getdi bəkarətin, borular keçdi səndən" - belə iyrənc bir yanaşma ola bilərmi? İnsan kimlərinsə pis idarəçiliyinə, tamahkarlığına, cibgirliyinə görə niyə vətəni sevməkdən utanmalıdır? Oliqarxlar sahilini hasarlayır, amma mən durub Xəzəri ittiham edirəm. Belə bir şey ola bilərmi? Xəzər neyləməlidir, balıqlarını, yosunlarını götürüb mitinqə çıxmalıdır?
Vətənə bu cür anormal xitabdansa, cəsarət göstərib onu bu kökə salanlara hiddətlənmək lazımdır. Onlara üsyan püskürmək, hər kəsi belə bir etiraz ruhuna kökləmək lazımdır. Bunu bacarmırıqsa barı haqsız yerə vətənə yüklənməyək, onu günahkar, müqəssir çıxarmayaq.
Vətən neyləməlidir, onun dağı, daşı, gölü, çayı, dənizi, meşəsi gəlib adamlarının yerinə şərlə döyüşməlidir? Axı vətəni vətən edən onun insanlarının haqq, ədalət uğrunda mücadilə əzmidir. Onun insanlarının etiraz ruhudur. Şərə qarşı dirənişidir. Yoxsa bir ölkədə hakim sifarişli qərar çıxarmaqdan, çinovnik büdcəni talamaqdan, həkim xəstənin ağrıyan yerindən əvvəl onun cibinə baxmaqdan, müəllim seçki qutusuna topa-topa bülleten atmaqdan, şair orden-medal üçün şah qapısında yatmaqdan utanmasın, sən də götür yaz ki. Şahdağ, Göygöl, xan Araz, nə bilim, İsmayıllı meşələri, mən sizi sevməkdən utanıram, niyə bu qədər haqsızlıq baş verir?!
Bilmirəm fikrimi izah edə bildimmi? Anlada bilmədimsə üzrlü sayın. Bir də üzrlü sayın ki, bu qədər uzun yazdım.

Hiç yorum yok: