reklam

Manşet

Əli Kərimli:"Bilinmir ki, bu, Fövqaladə Hallar Nazirliyidir, yoxsa Mətbuat Nazirliyi"

Yazar Unknown 6 Aralık 2015 Pazar 0 yorum
Ali Karimli (Əli Kərimli)Bilinmir ki, bu, Fövqaladə Hallar Nazirliyidir, yoxsa Mətbuat Nazirliyi. Aydın deyil ki, bunların vəzifəsi real qəza və bədbəxt hadisələrdən insanları xilas etməkdir, yoxsa nazirliyin mətbuatda piarını təşkil etmək. Əlbəttə ki, neft platformasındakı bədbəxt hadisənin səbəbi güclü küləkdir. Amma dənizdə neft çıxarıb satmaqla pul qazanan ölkə üçün belə qəzalar gözlənilməz olmalı deyil axı. Neft sənayesində əvvəllər də çoxsaylı qəzalar olub axı. Niyə dövlət içində dövlət olan FHN hazır olmayıb belə qəzaya?
Yanğın başlayandan təqribən yarım gün keçmiş paylaşılan fotolarda yanğının söndürülməsinə hələ də başlanılmadığı aydın görünürdü. Yalnız bir sutkaya yaxın vaxt keçdikdən sonra yanğının bir neçə gəmi tərəfindən söndürülməsinə cəhd edildiyi görüntüləndi. Məhz belə situasiyalarda işləmək üçün 11 gəmi almısınız axı. Niyə o gəmiləri səfərbər etmək bu qədər uzun vaxt aldı? Nardaranı utanmaz-utanmaz dənizdən də gəmilərlə çox operativ qaydada blokadaya almış hökumətin xilasedici gəmiləri yanğın yerinə niyə belə gec gəldi?
Niyə ARDNŞ hesab edir ki, onun işi yalnız neft çıxarıb onu şirkət rəhbərliyinin qohumları vasitəsilə satmaqdan, işçilərin boğazlarından kəsilmiş pullarla bahalı ofislər almaqdan və digər iri korrupsiya layihələrini maliyyələşdirməkdən ibarətdir?
Biz indi hansı zamanda yaşayırıq? Fırtına, əsəcək küləyin sürəti xeyli əvvəldən metereologiya xidməti tərəfindən deyilir axı. Niyə əvvəlcədən tədbir görülməmişdi?
Məgər dənizdə güclü küləyin olması, bu güclü küləyin yanğına səbəb olma ehtimalı çoxmu gözlənilməzdir? Axı bundan əvvəl də müxtəlif qaz yatağında, neft quyusunda çoxsaylı qəzalar olub. ARDNŞ hər il orta hesabla 20 nəfərə yaxın işçisini müxtəlif qəza və bədbəxt hadisələrdə itirirsə, niyə güclü təhlükəsizlik tədbirləri görülmür? Niyə əməyin təhlükəsizliyi təmin olunmur? İşçilər "hidrokostyum" və xilasedici jiletlərlə niyə təmin edilməyib?
Niyə bütün dövlət orqanları baş verən faciə ilə bağlı əhalini məlumatlandırmaq əvəzinə, yalan məlumatlar yaydı? Anlamaq çətindirmi ki, onsuz da bu qədər insan təlafatını gizlətmək mümkün olmayacaq? Etdiyiniz saxtakarlığa, söylədiyiniz yalanlara görə heç utandınızmı?
Bina uçur, binanın sakinləri günlərlə dağıntılar altında qalıb əzab çəkərək məhv olur, onları xilas edən tapılmır. Bina yanır, söndürə bilmirsiz, insanlar evlərində yanır, tüstüdən boğulub ölür, xilas edən tapılmır. Dənizdə platformada yanğın çıxır, yenə də insanları xilas edə bilmirsiniz. Buna görəmi özünüzü regionun “lider” dövləti adlandırırsınız?
Aydın məsələdir ki, İlham Əliyevin yaratdığı dövlət komissiyası bu suallara cavab verməyəcək. Səhlənkarlığa yol vermiş, vəzifəsinin öhdəsindən gələ bilməmiş heç bir böyük vəzifə sahibi cəzalandırılmayacaq. Çünki hazırkı dövlət mexanizmi xalqa, konkret insana xidmət niyyətilə deyil, xalqın sərvətlərini talamaq, özünü isə susdurmaq məqsədilə qurulub. Çünki bu hökuməti xalq seçməyib. Bunlar özlərini xalq qarşısında məsul bilmirlər. Əgər xalqın qeydinə qalan, onu qoruyan, mənafeyini hər şeydən üstün tutan bir hakimiyyət istəyiriksə, onu özümüz qurmalıyıq. Hökumətləri xalqa tabe edən, xalq qarşısında məsuliyyətli edən əsas mexanizm isə demokratik seçkilərdir. Bu ölkədə demokratiyanı bərqərar edənə qədər heç birimiz cinayətkarcasına səhlənkarlığın, cəzasızlığın, dövlət orqanlarında yuva salmış cinayətkarlığın qurbanı olmaqdan və qanımızın batırılmasından sığortalanmamışıq.
Allah həlak olan neftçilərə rəhmət etsin, ailələrinə səbr versin, millətimizə də kömək olsun ki, nəhayət, bu ölkədə söz sahibi ola bilsin.

Hiç yorum yok: