reklam

Manşet

Coşkun Eldaroğlu.Atam qəfil qocaldı.

Yazar Unknown 15 Aralık 2015 Salı 0 yorum
Coşqun EldaroğluBir də gözümüzü yumub açdıq ki, daha o cavan oğlan yoxdu, qarşımızda illərin qayğılarının əldən saldığı, xəstəliyin ağuşuna aldığı yaşlı adam dayanıb. Həmin cavan oğlanı yalançı 80-ci, boz 90-cı illər apardı...
Fəhlə yataqxanasında böyüdük. SSRİ-ni bəh-bəhlə tərifləyənlər gəlib müəllimin, ziyalının gününü görəydilər. Dəhlizlərində siçovulların qaçışdığı yataqxanaya sanki dünyanın ən bədbəxt adamlarını yığmışdılar. Necə insanlar, necə talelər gördük. Sonra 90-lar gəldi. Nədənsə mənə elə gəlir ki, onda havalar çox soyuq keçirdi. Xatırlayanda adamın canına üşütmə düşür. Bəlkə də, uzun çörək növbələrindəki sazaqlı günlərin travmasıdı. “Əsrin müqaviləsi”ni bir il olardı bağlamışdılar, mənə çörək çatmadı. Evə əliboş qayıtdım. Atam da, anam da susdu. Sonra anam gedib hardansa bir parça çörək tapıb gətirdi...
Lap sonra ölkəyə böyük pullar gəldi. Bu ölkənin ziyalılarına gün ağlamadılar. Ələbaxan elədilər, yazıq günə qoydular. Sotomayora-zada 100 min verdilər. Vətəni Kubanı qoyub Azərbaycan üçün yarışmağı seçdi. Avropa Oyunlarında bir dəfə ortabab rəqiblər üzərində uğur kifayət elədi ki, o pulu qazansın. Boksçu müsahibələrinin birində demişdi ki, peşman deyil, bütün qohumları onunla fəxr eləyir, xüsusilə də dayısı. Vətənindən keçən Sotomayoru peşman eləmədilər, minlərlə ziyalını bu ölkədə doğulmağa peşman elədilər...
Atam 100 mini 44 ilə qazandı. Uzun illər qəpik-quruşa işlədi. Özü də yaxında yox, rayonun ucqar kəndində. Heç vaxt idman yarışında ölkə bayrağını qaldırmaq imkanı olmadı, amma bir dəfə də vicdanınını yerə qoymadı. Dərsdən sonra məktəbin divarına söykənib saaatyarım rayona gedəcək növbəti avtobusu gözlədi. Qazandığı qəpik-quruşun bir qismini yollara xərclədi. Ömrünün böyük hissəsi kirayələrdə, yataqxanada keçdi. Çox vaxt uşaqlarına qarındolusu yemək yedirə bilmədi. Amma müəllim adına xəyanət eləmədi...
Atamın 65 yaşı tamam oldu. Yaxın vaxtlarda işdən çıxaracaqlar...
Kubada havalar yenə xoşdu. Deyirlər, oralarda 100 minə 44 il işləmədən dolanmaq mümkündü.

Hiç yorum yok: