reklam

Manşet

Əli Kərimli.Məğlubiyyət növbəsi indi hansı avtoritar rejimindir?

Yazar Unknown 11 Aralık 2015 Cuma 0 yorum
Ali Karimli (Əli Kərimli)Bu yazını ilk növbədə ölkəmizdə demokratik dəyişiklər uğrunda mübarizə aparanlar və belə dəyişikliklərin qarşısını almağa çalışan rejim tərəfdarlarının oxuması üçün yazıram. Hərçənd ki, “siyasətə qarışmayanların” da oxumasına heç bir etirazım yoxdur.
Beləliklə, son bir ayda daha 3 qeyri-demokratik (hərbi xunta və ya avtoritar liderin idarə etdiyi) ölkədə - Myanmar, Burkino-Faso və Venesuelada demokratik seçkilər keçirildi. Suriya və Liviyada yaşanan ciddi problemlərə baxmayaraq, qlobal demokratikləşmə prosesi bütün dünya boyunca irəliləməkdə davam edir.
“Venesuela bizdən çox uzaqdadır” deyib, əlinizi yelləməyin. İnanın ki, bu ölkədə müxalifətin böyük fərqlə avtoritar sistemə qalib gəldiyi parlament seçkilərindən bizim ölkənin demokratik qüvvələri üçün də, rejim üçün də ciddi mesajlar var.
Venesuela da neftlə zəngin ölkədir. 33 milyon əhalisi olan bu ölkədə təqribən bizdən dörd dəfə artıq (sutkada 2.8 - 2.4 milyon barrel) neft çıxarılır. Son 17 ildə bu ölkə də Uqo Çaves və varisi Nikolas Maduro tərəfindən avtoritar üsulla idarə edilirdi. Venesuelada sülalə hakimiyyəti deyildi. Orada hakimiyyətdə olanlar korrupsioner də deyildilər, əksinə xalqın zəhmətkeş təbəqələrinə xeyli yaxın idilər, öz aləmlərində sosializm qururdular. Bizim ölçülərlə baxanda, Venesuelada heç seçkilər də saxtalaşdırılmırdı. İnzibati resursdan istifadə olunurdu, amma kifayət qədər açıq seçki kampaniyası keçirilirdi, səsvermənin nəticəsi saxtalaşdırılmırdı.
Lakin Venesuela da avtoritar üsulla idarə olunurdu. Müxalifət, mətbuat təzyiq altında idi. Ötən illərdə 13 qəzet bağlanmışdı, 100-dən artıq jurnalist təzyiqə məruz qalmışdı. Ölkədə 100-dən artıq siyasi məhbus var idi. Hökumətin iqtisadi siyasəti və cinayətkarlıqla mübarizə siyasəti xüsusilə yarıtmaz idi. Bizimkilər kimi, iqtisadiyyatı daha çox neft çıxarıb, satmaq şəklində təsəvvür edirdilər. Üstəlik, anti-ABŞ mövqeyi üzündən, qazandıqlarını silah almağa verirdilər. Rusiya və Çinə arxalanırdılar. Dünyadakı bütün avtoritar rejimlərlə həmrəylik nümayiş etdirirdilər.
Ötən ilin yanvarından Venesuelada demokratik dəyişikliklər uğrunda mübarizənin son və həlledici mərhələsi başlanmışdı. Nümayiş və digər etirazlar təkcə paytaxt Karakasda deyil, bütün ölkə ərazisində keçirilirdi. Fevral ayından başlayaraq mitinq və nümayişlər zorakılıqla müşayiət olunurdu. Hər mitinqdə ölən və yaralananlar olurdu. Həm də ölən və yaralananlar yalnız nümayişçilər deyildi. Bir çox hallarda nümayişçilər də zorakılığa zorla cavab verirdilər. Nümayişçilər şəhərin müxtəlif küçələrində barrikadalar qurub, polisə müqavimət göstərirdilər.
Təkcə 2014-cü ilin 1-ci yarısında keçirilən nümayişlər zamanı toqquşmaların nəticəsində 42 nəfər ölmüş, 835 nəfər yaralanmış və 3 min nəfərdən artıq insan həbs edilmişdi. Hökumətin nəzarətində olan yarımhərbi, qeyri-leqal birliklər tez-tez dinc nümayişçilərə silahla hücum edirdi. Polis nümayişçilərə qarşı nəinki təzyiqli su, rezin güllələr kimi xüsusi vasitələrdən istifadə edirdi, hətta atəş də açırdı. Nümayişlərə qarşı Milli Qvardiya və ordunun da qüvvələri səfərbər olunmuşdu. Lakin hökumət nümayişləri dayandıra bilmirdi. Müxalifət düşərgəsində də hüquq mühafizə qüvvələrinin atəşinə atəşlə cavab verənlər tapılırdı və nəticədə polis də, hətta hərbçilər də itki verirdi. Hökumət küçə qarşıdurmalarının məsuliyyətini müxalifətin üzərinə qoymağa çalışırdı. Müxalifətin tanınmış liderlərindən biri Leopaldo Lopes ötən il həbs olunaraq, 13 il müddətinə azadlıqdan məhrum edildi. Lakin nə müxalifət liderinin həbsi, nə də nümayişçilərə qarşı silah tətbiqi etiraz aksiyalarını dayandırmaq iqtidarında oldu.
Əsəbi zəif olanlar bu statistikanı oxumasın smile duyğusu Təkcə 2014-cü il ərzində Venesuelada 9.286 etiraz aksiyası keçirilmişdi ki, onun da 6.369-u nümayişlər olmuşdu.
Hətta 42 nəfərin ölümündən sonra da nümayişlərin davam etməsi, artan beynəlxalq təzyiqlər və neftin qiymətinin düşməsi nəticəsində kəskinləşən sosial-iqtisadi problemlər hakimiyyəti sarsıtmışdı. Nəhayət, aylarla davam edən intensiv qarşıdurmadan sonra qonşu dövlətlərin vasitəçiliyi ilə iqtidar-müxalifət dialoqu başlandı. Əlbəttə, dialoq bütün problemləri həll etmədi, lakin bu dialoqdan sonra iqtidar da, müxalifət də üzərinə zorakılıqdan imtina etmək öhdəliyi götürdü. Nümayişlər və həbslər davam etsə də, ölüm hallarının qarşısı alındı. Hökumət 100 nəfərdən artıq polis və ordu zabitinə qarşı zor və işgəncə tətbiq etmək ittihamı ilə cinayət işi başlatdı. Ölkədə siyasi mübarizə tədricən sivil müstəviyə qayıtdı. Nəticə də göz qabağındadır. Ötən bazar günü keçirilən parlament seçkilərdə müxalifət parlaq qələbə qazandı. Parlamentdə 167 yerin 107-ni müxalifət, 55-ni isə prezident tərəfdarları götürdü. Prezident Maduro seçkilərin nəticəsini tanıdı. O, hələlik hakimiyyətini saxlayır. Amma aydındır ki, onun da hakimiyyəti yaxın vaxtlarda başa çatacaq. Müxalifət ilk iş olaraq amnistiya haqqında qanunu qəbul etməyə hazılaşır ki, həbsdəki əqidədaşlarını azad etsin. Beləliklə, avtoritarizm daha bir ölkədə süqut edir.
Vensuela haqda daha 2 məqamı vurğulamaqla yazını başa çatdırıram. Əvvəla Venesuela beynəlxalq aləmdə Rusiyanın əsas müttəfiqlərindən idi. Rusiyanın hərbi-siyasi, Çinin iqtisadi dəstəyinə çox arxalanırdı. Neft satışından əldə etdiyi pulun xeyli hissəsini Rusiyadan silah almağa xərcləyirdi. 10 milyard dollarlıq silah almışdı Rusiyadan. 2012-2015-ci illər ərzində 3.2 milyardlıq silah almaqla, Rusiyadan ən çox silah alan 2-ci dövlət (Hindistandan sonra) olmuşdu. Rusiya şirkətləri Venesuelanın neft sənəyesində də imtiyazlı mövqeyə malik idilər. Təkcə bu ilin əvvəlində imzalanmış müqavilələrlə Rusiya şirkətlərinin Venesuela neft sənayesinə 14 milyard dollar investisiya qoyacağı planlaşdırılırdı. Alınmadı. Rusiya ciddi silah bazarını, çox faydalı neft tərəfdaşını və siyasi müttəfiqini itirdi. Son illərdə Çin də Venesuela hökumətini ayaqda saxlamaq üçün bu ölkəyə 46 milyard dollar kredir vermişdi, onun da xeyri olmadı, Venesuela xalqı çətin mübarizə ilə azadlığı seçdi.
Vurğulamaq istədiyim ikinci məqam isə Venesuela hakimiyyətinin də Azərbaycandakı rejimlə eyni leksikonda danışmasıdır. Prezident Maduro müxalifəti xalqın cəmi bir faizi olan (hansı ki, səslərin üçdə ikisini aldılar) satqınlar adlandırırdı, onları xaricdən pul almaqda, mitinqlərə pul müqabilində çıxmaqda ittiham edirdi. Ölkəsində baş verənləri Ukraynada baş verənlərlə müqayisə edənlərə isə deyirdi ki, Ukraynada baş verənlər heç vaxt bizdə baş verə bilməz, bizim öz tarixi yolumuz var, bizdə hökumət və xalq birdir və s. Qalanını özünüz bilirsiniz, burada da tez-tez eşidirsiniz...
Əziz həmvətənlər, belə bir sonluğun bütün avtoritar rejimlər üçün olacağına qətiyyən şübhə etməyin, sadəcə yorulmadan çalışmaq, əzmlə mübarizə aparmaq lazımdır.

Hiç yorum yok: