reklam

Manşet

Əli Kərimli.Gün o gün olsun ki, bayrağımız erməni işğalı altında olan ərazilərimizdə dalğalansın.

Yazar Unknown 3 Aralık 2015 Perşembe 0 yorum
Ali Karimli (Əli Kərimli)Gün o gün olsun ki, bayrağımız erməni işğalı altında olan ərazilərimizdə dalğalansın. Amma bunu edə bilmədiyimizə görə hökumət təklif edir ki, hələlik bayrağımızın Nardarana asılmasından təsəlli tapaq. Hərçənd bayrağımız Nardaranda əvvəl də asılmışdı. Hətta Tale Bağırzadəyə qarşı əməliyyatın keçirildiyi evdə də divardan milli bayrağımız asılmışdı. O başqa məsələ ki, Nardaran küçələrində milli bayrağımızdan başqa, çoxlu sayda bizlər üçün anlaşılmaz olan qara rəngli dini bayraqlar da vardı. Məqsəd həmin bayraqları yığışdırmaq idisə, bunu o boyda həngamə çıxarmadan da etmək olardı.
Nardaranda problem var idimi? Əlbəttə, var idi və qalır. Lakin bu problem terrorçuluq, dövlətə qarşı silahlı üsyan, konstitusion quruluşu zorla dəyişmək deyildi. Nardaranın problemi qəsəbədə dini mühafizəkarlığın və bunun nəticəsi olaraq İran təsirinin güclü olmasında idi. Lakin hakmiyyət bu vəziyyətdən məmnun idi. Nəinki vəziyyəti dəyişmək üçün məqsədyönlü iş aparmırdı, əksinə, bu vəziyyətdən yararlanırdı. Ona görə də hakimiyyət ötən illərdə bu qəsəbənin bütövlükdə böyük Bakı ilə sosial, iqtisadi, siyasi, mədəni inteqrasiyasına nail olmağa çalışmadı, əksinə, sanki Bakı yaxınlığındakı bu “dini anklavı” özü qoruyub saxladı. Qəsəbədə uzun illər ərzində təhsil, səhiyyə, mədəniyyət, idman, hətta bütövlükdə dövlət idarəetməsi başlı-başına buraxılmışdı. Nardaran “regionların sosial iqtisadi inkişafı” proqramından da kənarda saxlanmışdı. Orada iş yerləri açılmırdı, biznesə şərait yaradılmırdı, hətta başqa yerlərdə aparılan abadlıq işləri də Nardaranda aparılmırdı. Hakimiyyət maraqlı idi ki, Nardaran zahirən də Bakının digər hissələrindən fərqlənsin, özünəməxsusluğunu saxlasın. Saxlasın ki, günün birində “Nardaran təhlükəsi”ndən danışa bilsin. Amma istəsəydi, ötən illərdə Nardaranda təhsilin, səhiyyənin səviyyəsini qaldırardı, cəmi bir neçə min iş yeri açmaqla məşğulluq problemini həll edərdi, qəsəbəni abadlaşdırardı, dini ənənələri də müəyyən çərçivəyə salardı. Yox, hakimiyyət problemi həll etmək istəmirdi. Əksinə, Nardaranı “tarixi abidə” kimi - olduğu kimi saxlayıb həm dünya ictimaiyyətini, həm də Azərbaycan cəmiyyətini “radikal islamçılar” təhlükəsi ilə şantaj edirdi.
Hər şeydən görünürdü ki, hökumət bir gün Nardarandan daha ciddi istifadə edəcək. Və belə məlum oldu ki, həmin gün gəlib artıq. Hökumət Nardaranda çoxdan planlaşdırdığı əməliyyatı xüsusi təmtəraqla keçirdi. Nardaranlılar da sağ olsunlar, heç bir müqavimət göstərmədilər, daha ciddi təxribatlar üçün əsas vermədilər.
Beləliklə, Nardaran əməliyyatında hökumət aşağıdakı məqsədlərə nail olmaq istəyirdi:
1. Tale Bağırzadə və komandasının uzunmüddətli həbsi üçün bəhanə əldə etmək.
2. Beynəlxalq aləmə Azərbaycanda da “radikal islam” təhlükəsi olduğunu və hökumətin bu təhlükə ilə ciddi mübarizə apardığı görüntüsünü təqdim etmək. Bununla da “terrorla mübarizə aparan” hökumətin avtoritar idarəetməsinə bəraət istəmək.
3. Hökumət xeyli vaxtdır xalqı şantaj edib qorxudur ki, öz haqlarınız uğrunda fəal mübarizə aparmayın, yoxsa bura da Suriya, Liviya kimi olar. Ssenari müəlliflərinin fikrincə, Nardaran “əməliyyatı” bu Suriya, Liviya söz-söhbətinə bir az inandırıcılıq qatmalı idi.
4. Sosial-iqtisadi böhran dərinləşir, hakimiyyət isə böhranı aradan qaldırmaq üçün heç bir əhəmiyyətli tədbir görə bilmir. Ona görə də, Nardaran “əməliyyatı” hökumətin gücünü və qəddarlığını nümayiş etdirməklə, cəmiyyətdə günü-gündən azalmaqda olan qorxunun bərpasına xidmət etməli idi.
5. MTN işi hakimiyyəti çox nüfuzdan salırdı. Paradoksal vəziyyət yaranmışdı. Hökumət mətbuatı öz aləmində Eldar Mahmudov, Akif Çovdarov və digərlərini ifşa edirdi, amma bütövlükdə hakimiyyət ifşa olunurdu. Çünki bu hökumətin nazir və generallarının törətdiyi dəhşətli cinayətlər ifşa olunduqca, insanlar başa düşürdü ki, həmin nazir və generallar bu əməllərində tək olmayıblar. Bu hökumətin əksər nazir və generalları həmin çirkabın içindədirlər. Nardaran “əməliyyatı” gündəmi ciddi şəkildə dəyişib, MTN işini arxa plana keçirməli idi.
Hakimiyyət bu məqsədlərdən hələlik birinə nail olub. Tale Bağırzadə və Müsəlman Birliyi Hərəkatı rəhbərliyi həbs olunub. Digər məqsədlərinə nail olub-olmayacağı isə əsasən bizdən - Azərbaycan ictimaiyyətindən asılıdır. Mən inanıram ki, hökumət Nardaranda növbəti səhvini etdi. Xalqı nə aldada, nə qorxuda biləcək - bu öz yerində. Üstəlik, Nardaranda nümayiş etdirdiyi yersiz qəddarlıqla son vaxtlara qədər siyasətə qarışmayan çoxlu sayda vətəndaşı da öz qatı əleyhdarına çevirdi. Bəs siz necə düşünürsünüz, hökumət Nardaran “əməliyyatı” ilə qarşısına qoyduğu digər məqsədlərinə də nail ola biləcəkmi?

Hiç yorum yok: