reklam

Manşet

Elnur Astanbəyli.Dünyəvi ölkə olmağın ən vacib şərti

Yazar Unknown 1 Aralık 2015 Salı 0 yorum
Elnur AstanbəyliHansısa kənddə dini simvolları, bayraqları yığışdırmaqla nə dəyişir? Bununla sekulyar cəmiyyət, dünyəvi ölkə olmaqmı olar? Ona qalsa, Sovet vaxtı camaat cibində zor-xoş "allahsızlar bileti" gəzdirirdi. Nəticə? Onda universitet auditoriyalarında ateizmdən dərs deyənlər indi həcidirlər, kərbəlayı, məşədidirlər.
Dünyəvi ölkə olmaq modern hüquqa sayğı duymaqla mümkündür. Dünyəvi ölkə olmaq üçün elə etmək lazımdır, insanların əli yerdən üzülməsin və üzünü göylərə tutmasın. Ədaləti yerdə bərpa etsən, heç kim onu göylərdən gözləməyəcək. Sən təhsil ocaqlarını məhv edəndə insanlar əlbəttə seyid ocaqlarına axışacaqlar. Sən səhiyyəni xaraba qoyanda, xəstəxanaları rüşvət və korrupsiya yuvasına çevirəndə, leksikona "ağ xalatlı cəlladlar", "həkim terroru" kimi ifadələrin daxil olmasına rəvac verəndə adamlar əlbəttə, şəfanı pirlərdə axtaracaqlar. Sənin məhkəmələrin çağdaş hüququ, çeynəyib, pulla, sifarişlə hökm çıxaranda adamlar əlbəttə, şəriət hökmünü özləyəcəklər.
Qısası, dünyəvi ölkə olmaq həmin ölkədə, Konstitusiyada yazıldığı kimi, "rəsmi, qanuniləşdirilmiş dinin mövcud olmaması", ya da "dinin dövlətdən ayrılması" ilə bitmir. Dünyəvi ölkədə modern hüquq işləməlidir, onun iradəsi üzərində iradə olmamalıdır. Əks halda hər cür ekstremizm - etnik, irqi, o cümlədən dini radikalizm qaçılmaz təhlükədir. Bunu daxili-maxili qoşunla, administrativ güclə önləyə bilməzsiniz.

Hiç yorum yok: