Manşet

Bir tərəfdən siyasi rəqabət şəraitini aradan qaldırmaq, opponentləri həbs etmək, mətbuatı susdurmaq, saxta seçkilər vasitəsilə hakimiyyətdə qalmaq, digər tərəfdən Avropa Parlamentinin qətnaməsini "kağız parçası" adlandırmaq, beynəlxalq hüquq və normaları, bəşəri dəyərləri inkar etməklə yürüdülən təkəbbürlü siyasət iflasa məhkumdur.
Belə siyasət mövcud hakimiyyəti, eyni zamanda Azərbaycanı uçuruma doğru sürükləyir.
Siyasi və iqtisadi böhran üzərimizə qasırğa kimi gəlir.
Hakimiyət heç olmasa indi, gözlənilən kataklizmlər ərəfəsində yanlış, təkəbbürlü siyasətdən əl çəkməli, özünün və Azərbaycanın dünya birliyindən təcrid olunmasına səbəb olan fəaliyyətini durdurmalı, üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməli, dərhal siyasi və iqtisadi islahatlara başlamalıdır.
Daha gözləməyə zaman yoxdur. Həm cəmiyyətin, həm də beynəlxalq birliyin etimad limiti tükənib.


Bir gün əvvəl isə, Avropa Şurasının baş katibi Jagland Avropa Konvensiyasının icrası ilə bağlı pozuntuları araşdırmaq üçün Azərbaycana sorğu göndərib. Baş Katibin bu qərarı verməsinə əsas səbəb Avropa Məhkəməsinin REAL Sədri İlqar Məmmədovla bağlı qərarının icra olunmamasıdır. Bu prosedurun istifadəsi çox nadir hallarda olur. Jagland birinci dəfədir ki, bu tədbirə əl atıb.
Mən Azərbaycanın xarici siyasətinin hər bir ölkə ilə dostluq və qarşılıqlı hörmət əsasında qurulmasının tərəfdarıyam. Biz bölgəmizin böyük dövlətləri olan Rusiya, İran və Türkiyə ilə münasibətlərimizi mehriban qonşuluq səviyyəsində saxlamağa çalışmalı və bu dövlətlərin maraqlarına kəskin şəkildə zidd addımlar atmamalı, münasibətlərimizə xələl gətirəcək fəaliyyətlərdən uzaq olmalıyıq. Bölgədə olan bütün dövlətlərlə iqtisadi və mədəni əlaqələrimizi genişləndirməliyik. Lakin bununla yanaşı ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlar qarşısında üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetirməli, xüsusilə də Avropa institutlarına inteqrasiya ilə bağlı verdiyimiz qərarları tam olaraq icra etməliyik. Bununla yanaşı dünyanın ən güclü dövləti olan ABŞ-la strateji müttəfiqliyimizi qorumalı və inkişaf etdirməliyik. Bunları etməsək ərazi bütövlüyümüzü heç vaxt bərpa edə, müstəqilliyimizi qoruya bilməyəcəyik.
Bu gün görünən odur ki, Azərbaycan hakimiyyəti ölkəmizin xarici siyasətini öz şəxsi merkantil maraqlarına qurban verib. Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı üzərinə öhdəlik götürüb, sonra öz vətəndaşlarının hüquqlarını pozub və ardınca məhkəmənin çıxardığı qərarı icra etməməyin adı - siyasi prinsipsizlikdi. Xarici siyasətdə belə hərəkətlər yolverilməzdi və bunların bədəli çox pis olur.
Hakimiyyətin qeyri peşəkar siyasətinin nəticəsi olaraq ABŞ-la münasibətlərimiz sanksiyalar səviyyəsinə gəlib çıxdı. Mən hər hansı ölkənin dövlətimizə qarşı sanksiyalarının əleyhinəyəm. Amma burada söhbət dövlətimizə qarşı yox, vəzifəli şəxslərə, korrupsionerlərə, insan hüquqlarını pozan şəxslərə qarşı sanksiyalardan gedir. Lakin hakimiyyət Qərb əleyhinə isterikasını davam etdirsə, bundan sonra ölkələrimiz arasında münasibətləri yaxşılaşdırmaq çox çətin olacaq. Bu xarici siyasətimizin məhvidir.
Mən hakimiyyət nümayəndələrini heç nəyə dəvət etmirəm. Nə siyasi məhbusları azad etməyə, nə də ki, islahatlar keçirməyə. Sözüm sizlərə, aktiv vətəndaşlaradır. Yeganə çıxış yolumuz - Xalqın içindən çıxan yeni siyasi partiya yaratmaq və bu partiyanı hakimiyyətə daşımaqdır!






Çünki rus bölməsində oxumuşam. Cavab çox bəsit olacaq, bunu bilirəm. Amma məsələ bununla bitmir.
Yaxşı, bəs nəyə görə rus bölməsində oxumusan? Çünki, valideynlərim o bölməyə məni qoyub.
Yaxşı, bəs nəyə görə valideynlərin səni o bölməyə qoyub? Baxın, problemin kökü burdadır.
Biz Azərbaycanlılar millətimizi, xalqımızı inkişaf etdirməkdənsə və ya millət olaraq inkişaf edib bizi idarə edənlərə qarşı çıxmaqdansa, biz onların dilini və mədəniyyətini öyrənib onlar kimi olmağa çalışaraq özümüz fərd olaraq vəziyyətdən çıxmağa çalışmışıq. Çünki, bu milləti inkişaf etdirməkdən daha asan və daha realdır. Bizim digər dilə və mədəniyyətə olan sonsuz məhəbbətimizin kökündə bu durur. Bu gün Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzəyir Hacıbəyov, Məmməd Əmin Rəsulzadə ona görə bu xalqın unudulmaz övladlarıdırlar ki, onlar bu problemin kökünü dərk edib onunla mübarizə aparıblar.
Dil bir millətin millət olaraq formalaşması üçün ən əsas elementlərdən biridir. Bu gün Hollandiya höküməti sənə 10.000 avro kredit verir ki, sən onun dilini öyrənəsən və əgər 3 il ərzində bu dili sərbəst danışa bilsən o pulu sənə bağışlayır. Baxın, budur bir millətin özünə və dilinə verdiyi dəyər.
Digər bir misal. Türkiyənin tanınmış aktyorlarından biri Almaniyada böyümüş Ufuk Özkan bunları qeyd edir: "Bir gün evdə bacım məndən nəsə soruşdu və mən ona almanca cavab verdim. Buna görə atam məni saatlarla hamamda, bağlı qapı arxasında saxlayaraq cəzalandırdı". Bunun kimi misallar yüzlərnəndir. Mən millətçi deyiləm (yəni, düşünmürəm ki, mənim millətim hamıdan üstündür), amma öz millətimi və ona məxsus olan atributları çox sevirəm.
Sonda qeyd edim ki, bu gün Azərbaycan dili ilə Rus, Türk, Alman dilləri arasında heç bir fərq yoxdur. Bütün dillər söz və söz birləşmələrindən ibarət olan danışıq vasitəsidir. Fərq yalnız onlara verilən dəyərdədir.
P.S. Bunu yazmaqla kiminsə qəlbinə toxunmaq istəmirəm. Sadəcə düşündüklərimi yazdım.



