Manşet

Bir gün əvvəl isə, Avropa Şurasının baş katibi Jagland Avropa Konvensiyasının icrası ilə bağlı pozuntuları araşdırmaq üçün Azərbaycana sorğu göndərib. Baş Katibin bu qərarı verməsinə əsas səbəb Avropa Məhkəməsinin REAL Sədri İlqar Məmmədovla bağlı qərarının icra olunmamasıdır. Bu prosedurun istifadəsi çox nadir hallarda olur. Jagland birinci dəfədir ki, bu tədbirə əl atıb.
Mən Azərbaycanın xarici siyasətinin hər bir ölkə ilə dostluq və qarşılıqlı hörmət əsasında qurulmasının tərəfdarıyam. Biz bölgəmizin böyük dövlətləri olan Rusiya, İran və Türkiyə ilə münasibətlərimizi mehriban qonşuluq səviyyəsində saxlamağa çalışmalı və bu dövlətlərin maraqlarına kəskin şəkildə zidd addımlar atmamalı, münasibətlərimizə xələl gətirəcək fəaliyyətlərdən uzaq olmalıyıq. Bölgədə olan bütün dövlətlərlə iqtisadi və mədəni əlaqələrimizi genişləndirməliyik. Lakin bununla yanaşı ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlar qarşısında üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetirməli, xüsusilə də Avropa institutlarına inteqrasiya ilə bağlı verdiyimiz qərarları tam olaraq icra etməliyik. Bununla yanaşı dünyanın ən güclü dövləti olan ABŞ-la strateji müttəfiqliyimizi qorumalı və inkişaf etdirməliyik. Bunları etməsək ərazi bütövlüyümüzü heç vaxt bərpa edə, müstəqilliyimizi qoruya bilməyəcəyik.
Bu gün görünən odur ki, Azərbaycan hakimiyyəti ölkəmizin xarici siyasətini öz şəxsi merkantil maraqlarına qurban verib. Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı üzərinə öhdəlik götürüb, sonra öz vətəndaşlarının hüquqlarını pozub və ardınca məhkəmənin çıxardığı qərarı icra etməməyin adı - siyasi prinsipsizlikdi. Xarici siyasətdə belə hərəkətlər yolverilməzdi və bunların bədəli çox pis olur.
Hakimiyyətin qeyri peşəkar siyasətinin nəticəsi olaraq ABŞ-la münasibətlərimiz sanksiyalar səviyyəsinə gəlib çıxdı. Mən hər hansı ölkənin dövlətimizə qarşı sanksiyalarının əleyhinəyəm. Amma burada söhbət dövlətimizə qarşı yox, vəzifəli şəxslərə, korrupsionerlərə, insan hüquqlarını pozan şəxslərə qarşı sanksiyalardan gedir. Lakin hakimiyyət Qərb əleyhinə isterikasını davam etdirsə, bundan sonra ölkələrimiz arasında münasibətləri yaxşılaşdırmaq çox çətin olacaq. Bu xarici siyasətimizin məhvidir.
Mən hakimiyyət nümayəndələrini heç nəyə dəvət etmirəm. Nə siyasi məhbusları azad etməyə, nə də ki, islahatlar keçirməyə. Sözüm sizlərə, aktiv vətəndaşlaradır. Yeganə çıxış yolumuz - Xalqın içindən çıxan yeni siyasi partiya yaratmaq və bu partiyanı hakimiyyətə daşımaqdır!


Hiç yorum yok: